YAP Gənclər Birliyinə minnətdaram!

YAP Gənclər Birliyinə minnətdaram!

Dünya ölkələrlə bəzədilib. Ölkələri gözəlləşdirən isə insanlar və onların seçimləridir. Çünki insan düşünür, anlayır, məqsədyönlü hərəkət edir. Amma təbii ki, hər insanın özünə məxsus önbaxışları var. Bəs bu önbaxışlar daxilində vətənə, dövlətə, millətə olan dəyər nə dərəcədə özünü yüksək səviyyədə göstərə bilir?

Bu gün dünya bizim əllərimizdədir. Onunla bağlı hər bir məlumata malik varlıqlarıq. Düşünürəm ki, buna görədə bizim bəzi yönlərdə düşüncələrimiz, istəklərimiz eyni olmalıdır. Təbii ki, istəyimiz başlıca olaraq inkişafı yüksək və mübahisələrdən kənar bir ölkədə rahat yaşamaq ola bilər. Qlobal problemlərə nəzər salsaq və vətəndaş müharibələrini bir daha nəzərə alsaq, sakit amma günü- gündən daha da irəliləyən bir ölkənin sakinləri olduğumuz üçün nə qədər şanslı olduğumuzu anlayacağıq. Qəbul etmək lazımdır ki, Azərbaycan xalqı ümummilli lider Heydər Əliyev ilə birlikdə sahib olduğu birlik üzərində qurulan bu ölkədə cənab Prezident İlham Əliyevlə birlikdə uğurla irəli gedir. Bu böyük bir faktdır ki, bir ölkənin əmin-amanlığı onu idarə edən dövlətdən və həmin ölkənin prezidentindən çox asılıdır.

Mən sadə bir Azərbaycan gənciyəm. Nəzərə alsaq ki, bu gün Azərbaycan, gəncliyi inkişaf etmiş bir ölkədə yaşayır, o zaman mən etdiyim seçimin nə qədər düzgün olduğuna inanıram. Buna görə də Yeni Azərbaycan Partiyasının üzvü və YAP Gənclər Birliyinin fəal gənciyəm.

Dünyada bir sıra güclü və zəif dövlətlər mövcuddur. Mükəmməl bir ölkə yoxdur. Bəs mənim bir gənc kimi istəklərim nədən ibarətdir? Mən də istəyirəm ki, yurdum, haqqında bütün dünyada xoş sözlər danışılacaq bir ölkə olsun, inkişaf etsin, bir çox ölkələrə nümunə olsun, daxilində millətinə və gəncliyinə dəyər verilsin. Ümummilli lider Heydər Əliyev çox düzgün vurğulayıb ki, "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir." Bəli, bu gün mən vətənimdən, dövlətimdən fəxrlə danışıram və buna görə də mənim milliyətim mənim qürur mənbəyimdir.

Mən də başqa gənclər kimi ölkəm və millətim üçün faydalı biri olmaq istəyirəm. Bu gün mən, məni öz gücümə inandıra biləcək bir təşkilatın gənciyəm. Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəal gənci. Elə buna görə də özümü ən şanslı gənclərdən biri hesab edirəm. YAP Gənclər Birliyi bir gəncə öyrənmək istədiyindən daha artığını öyrətməklə yanaşı, həm elmi, həm də mənəvi tərbiyə edir. Insanda ailədə öyrədilən vətən sevgisini daha da artırır. Kömək və təşəkkür etməyin gözəlliyini burada daha yaxşı anladım. Düşüncələrimi, istəklərimi və hislərimi çəkinmədən bölüşə bildiyim böyük bir etiraf mühitim oldu. Burada gənclərə dəyər verilir. Istənilən bir mövzuda hər zaman gənclərin fikirləri dəyərləndirilir. Bəzi mənasız düşüncələrin əksi olaraq demək istəyirəm ki, mən ən gözəl gənclik anlarımı burada yaşayıram. Bu günlərimdən səmərəli istifadə edib düşünən beyinlər ətrafında gələcəyim üçün böyük bir təcrübə toplayıram.

Böyük qürur hissi ilə deyə bilərəm ki, Heydər Əliyevin əmanət qoyduğu bu gənclik layiqincə yaşadılır və layiqincə ucaldılır.

Bizim şüarımız irəli, mübarizə və uğurdur. Biz gənclər üçün dostluq, birlik, bayraq, himn, doğma dil, vətən və millət, uğurlu gələcək hər şeydən öndə gəlir. Çünki biz YAP-ın gəncləriyik, çünki biz Azərbaycanımızı sevən, onunla qürur duyan gəncləriyik. Çünki biz ümummilli lider Heydər Əliyevin miras qoyduğu və cənab Prezident İlham Əliyevin bu gün başçılıq etdiyi yenilməz bir ölkənin gəncləriyik. Hər zaman fəxrlə dediyim kimi, biz dünənin, bu günün və sabahın gəncləriyik.

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü Həbibə Abbasova

Bütün xəbərlər Facebook səhifəmizdə