"SSRİ şüarları yayan şəxs axtarılır" Səbail RİH-dən açıqlama

"SSRİ şüarları yayan şəxs axtarılır" Səbail RİH-dən açıqlama

Səbail rayon İcra Hakimiyyəti Fəvvarələr meydanında divarlara Sovet rejimini təbliğ edən vərəqlərin yapışdırılması məsələsinə aydınlıq gətirib. Bu barədə SİA-ya açıqlama verən Səbail rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri İsrafil Kərimov bildirib ki, məsələ ilə bağlı Səbail Rayon Polis idarəsinin 9-cu bölməsində araşdırma aparılır.

Onun sözlərinə görə, sözügedən yazıları şüar hesab etmək olmaz: "Bu yazı xəstə təxəyyüllü bir şəxsin kağız üzərində cızdığı əl yazısıdır. Düşünürəm ki, bunu şüar hesab etmək olmaz".

İsrafil Kərimov bu cür təxribatı hadisənin qeydə alınma səbəbinə də aydınlıq gətirib: "Səbail rayonu mərkəzi rayondur. Mərkəzi rayon olduğundan buranın küçələrindən müxtəlif insanlar keçir. Nə isə yazır və ya asıb gedir. Belə şeylər tez-tez olur".

O vurğulayıb ki, məsələ ilə bağlı hüquq mühafizə orqanları məşğul olur və hansısa bir irəliləyiş əldə olduğu halda bu barədə məlumat veriləcək.

İsrafil Kərimov hələlik həmin şəxsin kimliyi haqda heç bir məlumatın olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə