Latviya radiosunda muğam səsləndirilib

Latviya radiosunda muğam səsləndirilib

Latviyanın Klassika radiostansiyasında (Latvijas Radio 3 Klasika) səsləndirilən, klassik və instrumental musiqini, caz, mədəniyyət proqramlarını təqdim edən yeni "Etno novosti" proqramı Azərbaycan muğamına həsr edilib.

Verilişin aparıcısı və müvafiq layihənin təşəbbüskarı Yazep Vitols adına Latviya Musiqi Akademiyasının musiqi etnoqrafiyası bölməsinin tələbəsi Anete Stutsedir. O, Azərbaycan muğamı ənənələri verilişində işləyən zaman folklor üzrə mütəxəssis Qita Lantserenin rəhbərliyi altında artıq müəyyən təcrübə qazanıb (həmin veriliş efirdə bu il yanvarın 30-da "Odisseya" silsiləsi çərçivəsində səsləndirilib).

A.Stutse bildirib ki, "müasir muğamı musiqi transı ilə müqayisə etmək olar. Bu elə musiqi transıdır ki, təfəkkür prosesini zəiflətmir, əksinə gücləndirir. Muğam ecazkar aləmdir – not yazıları yoxdur, musiqi çərçivəsində səs düzülüşü ifa zamanı yaranır, musiqi ifası hər dəfə yeni, musiqiçinin duyumu ilə yaradılır. Bu improvizasiya olsa da, ifaçı yazılmamış prinsipləri bilməlidir". Aparıcı qeyd edib ki, muğam, muğam sənəti Azərbaycan mədəniyyəti və tarixinin ən parlaq incilərindən biridir.

Anete Stutse dinləyiciləri Azərbaycanın səciyyəvi musiqi alətləri, muğam tərzləri, habelə bu janrın məşhur ifaçıları – UNESCO-nn musiqi mükafatı sahibi Alim Qasımov və Səkinə İsmayılova ilə tanış edib.

Verilişdə Alim Qasımovun, Səkinə İsmayılovanın və müğənni Sevdanın ifasında "Rast", "Arazbarı", "Osmanlı", "Qarabağ şikəstəsi" səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə