Qaradağda Beynəlxalq Sülh Günü

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində "21 sentyabr - Beynəlxalq Sülh Günü" münasibətilə "dəyirmi masa" keçirilib. Qaradağ Rayon İcra Hakimiyyətindən bildiriblər ki, tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Beynəlxalq Sülh Gününün təsis edilməsi tarixindən, məqsəd və vəzifələrindən, BMT-nin bu istiqamətdəki fəaliyyətindən danışıb.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Azərbaycanın həmişə sülhsevər xalq olduğunu və tarix boyu bu missiyasını dəfələrlə sübut etdiyini söyləyib. O bildirib ki, bu gün dünyanın sülhə daha çox ehtiyacı var. Regionda və dünyada baş verən qanlı toqquşmalar minlərlə insanın canı bahasına başa gəlir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi təhlükə olaraq qalmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin istər beynəlxalq tribunalardan, istərsə də doğma yurd-yuvasını itirmiş qaçqın və məcburi köçkünlərlə görüşlərində bəyan etdiyi kimi, respublikamız münaqişənin dinc vasitələrlə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə təsdiqləsə də, təcavüzkar Ermənistan tamamilə bunun əksini göstərməkdədir.

Digər çıxış edənlər də sülhün bütün dövrlərdəki əhəmiyyətindən, bəşəriyyətin inkişafı üçün gərəkliyindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə