"Avronest-in həmprezidenti Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli, ədalətsiz qətnaməni israrla müdafiə edir". Bunu Milli Məclisin deputatı Rauf Əliyev Avronest Parlament Assambleyasının həmprezidenti, Avropa Parlamentinin Finlandiyadan olan üzvü Heidi Hautalanın Azərbaycanla yaranmış gərgin münasibətlər barədə "Azadlıq" radiosunun suallarına cavablara münasibət bildirərkən deyib.
Rauf Əliyev: "Xanım Heidi Hautala müsahibədə deyir ki, Avronesti tərk etmək Azərbaycan xalqının marağında deyil. Onda belə bir sual yaranır. Nəyə görə Azərbaycan Avronestə üzv olduqdan bəri bu qurumun, eləcə də Avropa Parlamentinin iclaslarında Azərbaycan xalqının, dövlətinin maraqlarını müdafiə edən bir dənə də olsun sənəd qəbul olunmayıb. Əksinə, həmişə, əlalxüsus son dövrlərdə bu qurumlar Azərbaycana qarşı aparılan ümumi qarayaxma kampaniyasında bir alətə çevriliblər.
Avronest-in həmprezidenti Avropa Parlamentinin qətnaməsinin vacibliyini vurğulayaraq bildirir ki, ortaq dəyərlər olmadan əməkdaşlıq ola bilməz. Xanım Heili Hautaladan soruşmaq lazımdır ki, görəsən o hansı ortaq dəyərləri nəzərdə tutur? Əgər söhbət insan haqq və azadlıqlarından, cəmiyyətdə mövcud olan tolerantlıqdan gedirsə bu dəyərlərlə Azərbaycan artıq dünyada nümunə göstərilə bilən bir dövlətə çevrilmişdir", - deyə qeyd edib.
Millət vəkili əlavə edib ki, Dağlıq Qarabağ problemi ilə bağlı danışan xanım Heidi Hautala Avropa Parlamentinin Dağlıq Qarabağın işğalını inkar etmədiyini deyir: "Sual olunur bəs niyə uzun illərdir ki, bu qurumlar Ermənistanın Azərbaycan ərazilərini o cümlədən Dağlıq Qarabağın işğalını qınayan, Ermənistanı birbaşa təcəvüzkar adlandıran qətnaməni qəbul etməyib. Niyə işğal olunmuş torpaqlardan qovulmuş bir milyondan çox azərbaycanlının pozulmuş hüquqları müdafiə olunmur.
Bakı-2015 Avropa Oyunları Ərəfəsində deputatların Bakıya getməsinə qadağa qoyulması ilə əlaqədar Avropa Parlamentinin sədri Martin Şutsun tapşırığı ilə bağlı xanım Heidi Hautala bildirir ki, bu doğru deyil. Bəs onda oyunların başlanmasına 9 gün qalmış cənab Şutsun təşəbbüsü ilə Avropa Parlamentinin 1-ci Avropa Oyunlarının baykot edilməsi ilə bağlı qətnaməsini başqa cur necə qiymətləndirmək olar.
Qətnamənin Erməni lobbisinin təsiri ilə qəbul edilməsi barədə suala cavabında həmprezident bildirir ki, bu doğru deyil. Qətnamə bir qrup siyasi məhbusun riskli durumları ilə bağlı qəbul edilib. Çox maraqlıdır bir neçə şəxsin yol verdikləri konkret cinayət əməllərinə görə cəzalandırılmasının bu qədər siyasiləşdirilməsi kimə və niyə lazımdır. Əlbəttə, bu da bir bəhanədir. Avropa Parlamentinin bu qətnaməni qəbul etməkdə əsas məqsədi Azərbaycanın son illərdə Beynəlxalq aləmdə artan nüfuzuna zərbə vurmaq, onun özlərinin istədikləri kimi idarə olunan bir dövlətə çevirməkdir.
Azərbaycan artıq öz cavabını vermişdir. Azərbaycan ancaq ona qarşı bərabər hüquqlu tərəfdaş kimi münasibətləri hiss etdikdə bu qurumlarla əməkdaşlığın davam etdirilməsi məsələsinə baxa bilər.
Azərbaycan müstəqil bir dövlət kimi bütün dövlətlərlə, müxtəlif beynəlxalq təşkilatlarla bərabər hüquqda, qarşılıqlı əməkdaşlıq şəraitində əlaqələrini davam etdirir. Bu ancaq belə də olacaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB