Millət vəkilindən Vaan Martirosyanın hərəkətinə MÜNASİBƏT

Millət vəkilindən Vaan Martirosyanın hərəkətinə MÜNASİBƏT

"Əgər Vaan Martirosyan da Azərbaycana xoş niyyətlə gəlibsə ona uyğun da cavab alacaq". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı erməni müxalifətçi Vaan Martirosyanın Azərbaycana sığınmasına münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, ermənilər bura müxtəlif məqsədlə gələ bilərlər: "1992-ci ildə hələ müharibənin ciddi mərhələsi başlamamışdı. O zaman Ermənistandan Aşod Brian adlı bir müəllim Azərbaycana gəlmişdi. Onu mən qarşılamışdım və bundan dövlətdən başqa heç kimin xəbəri yox idi. Özü ilə Ermənistan Parlamentindən millət vəkillərinin fikirlərinin də olduğu məktub gətirmişdi. Məktubda bildirilirdi ki, bu müharibənin heç bir tərəfə xeyri yoxdur, müharibə sadəcə övladlarımızın ölümü ilə nəticələnəcək. O, həmin vaxt Bakıya heyran qalmışdı. Və bildirmişdi ki, siz adam kimi yaşayırsınız amma biz adamlığımızı itirmişik.

Əgər Vaan Martirosyan da Azərbaycana xoş niyyətlə gəlibsə ona uyğun da cavab alacaq. Əgər başqa bir niyyətlə gəlibsə də hər halda burada müharibə başlatmayacaq".

Sabir Rüstəmxanlı vurğulayıb ki, Ermənilər dünyaya Azərbaycanda demokratiyanın olmadığını nümayiş etdirməyə çalışırlar və Azərbaycanın vəhşi müsəlman ölkəsi olduğunu deyirlər: "Guya ermənilər mədəni xristian xalqdır və buna görə də onlar bizimlə yaşaya bilməzlər. Təbii ki, bunlar boş danışıqlardır.

Bu gün dünya ölkələri çalışır ki, Azərbaycana bu müharibənin gətirdiyi nəticələri unutdursun və milləti Qarabağ işğalı ilə barışmağa məcbur edən addımlar atsın. Guya nə müharibə olub, nə torpaqlarımız işğal olunub, nə də bir milyon qaçqın var. Ermənilər çox sakit bir şəkildə bura gəlirlər, biz də Ermənistana gedirik. Belə gülünc bir vəziyyətin içindəyik. Bu dünyanın bir çox ölkələrinin apardığı siyasətdir və biz bunu çox başa düşürük.

Azərbaycan müəyyən hüquq normaları çərçivəsində mümkün olan bütün addımları atmağa çalışır. Azərbaycana müraciət edənlərə sığınacaq verir. Təbii ki, əgər onlar yaxşı niyyətlə gəliblərsə gəlsinlər, pis niyyətlə gəliblərsə də bu bir-iki gün sonra aşkar olunacaq. Ona görə də mən burda elə də bir faciə görmürəm".

Bütün xəbərlər Facebook səhifəmizdə