Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin həyata keçirdiyi "QHT-Bələdiyyə münasibətlərinin inkişafına dəstək" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə "Qloballaşma və Milli Həmrəylik" İctimai Birliyinin sədri Həsən Qarayev çıxış edərək bildirib ki, Azərbaycan bələdiyyə sisteminin ən böyük uğuru cəmiyyətdə özünü bir struktur olaraq tanıtması olub. Ancaq bununla yanaşı, ötən on beş ildəki fəaliyyəti təhlil etsək bu gün formalaşan bələdiyyələrin həqiqətən ciddi problemləri olduğunu görmək olar. Diqqətə çatdırılıb ki, əgər on il ərzində bələdiyyənin maliyyə inkişafında ciddi bir artım olmayıbsa, demək sistemin sürətli inkişafından danışmaq hələ tezdir. 2007-ci ildə əlli milyon manat gəlir əldə edən bələdiyyələr bu rəqəmi hələ ki, təkrar edə bilməyiblər.
QHT rəhbəri xatırladıb ki, mərkəzi icra strukturları bələdiyyə qanunvericiliyinə aid normativ-hüquqi sənədlərin vaxtında, fərmanlarda göstərilən tarixlərə uyğun şəkildə, yerinə yetirməli olduqlarını unutmamalıdırlar. Bu gün konkret şəkildə demək olar ki, fəaliyyəti ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ötən illərdə atdığı addımlarla bələdiyyə sisteminin inkişafını irəliyə aparmaq əvəzinə daim maneə yaratmışdır. Hərrac komissiyalarının yaradılması, bələdiyyələrin mülkiyyətinə verilən torpaq fondlarının böyük əksəriyyətinin şəhadətnamələrinin bu günədək bələdiyyələrə verilməməsi, verilən torpaqların isə real və faktiki vəziyyətə uyğun olmaması təəssüf hissi doğurur.
Tədbirdə digər çıxış edən bələdiyyə üzvləri bu sahədəki problemlərin mövcudluğundan və onların həlli istiqamətində görüləcək işlərdən danışıblar. Tədbirdə həmçinin layihə çərçivəsində hazırlanan bukletlər də paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB