Respublikamızın hər yerində olduğu kimi Astara rayonunda da tikinti-quruculuq və yol abadlıq işləri geniş vüsət alıb. SİA-nın Cənub bürosunun məlumatına görə, Prezident İlham Əliyev cənablarının Astaraya hər bir səfərində mühüm obyektlərin, xüsusilə, 2015-ci ilin aprelində dənizkənarı park-bulvarın, Deqədi-Pəlikəş avtomobil yolunun, çay emalı fabrikinin açılışında iştirakı və əhalinin firavan yaşamasına xidmət edən yeni layihələrin həyata keçirilməsi üçün sərəncamlar imzalaması xalqına olan sevgisinin nümunəsidir.
Ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin bu ilin 13 aprel tarixində Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yolunun salınması ilə əlaqədar imzaladığı Sərəncam ən unudulmaz bir tarixi hadisə kimi yəqin ki, uzun müddət bu vətənpərvər, zəhmətkeş, məğrur insanların yaddaşından silinməyəcək.
Artıq bir neçə aydır ki, Prezidentin bu Sərəncamının icrası ilə əlaqədar tikinti təşkilatlarının kollektivləri ən müasir texnikanın köməyi ilə sıldırım dağlar qoynunda qızğın fəaliyyət göstərirlər. Qısa müddət ərzində keçilməz qayalıqlar dağıdılaraq təmizlənmiş, yollar hamarlanaraq çınqıl döşənmiş, bir sözlə yataq işləri yüksək keyfiyyətlə aparılıb. Taxtanəkəran kəndindən Hamoşam kəndinə qədər 20 km-ə yaxın məsafədə avtomobil yolları nəqliyyatın hərəkəti üçün tam normal vəziyyətə gətirilib. Qısa müddətdə Toradi kəndinə qədər yollarda təmizlənmə və yataq işləri başa çatdırılacaq.
Tikinti təşkilatının nümayəndəsi Ramiz Ağayev söhbət zamanı bildirib ki, çox çətin və mürəkkəb relyefə malik dağlıq ərazidə müasir standartlara cavab verən avtomobil yolunun çəkilişi heç də asan deyil. İş zamanı biz çox çətinliklərlə rastlaşırıq. Elə vaxt olur ki, nəzərdə tutulmayan işlərin görülməsi məcburiyyəti qarşısında qalırıq. Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev daim bizim işimizlə maraqlanır, rast gəldiyimiz çətinliklərin aradan qaldırılmasına yaxından köməklik göstərir. Məhz onun təşəbbüsü və yaxından köməkliyi ilə avtomobil yolunun daha da genişləndirilməsi, su ötürücü kanalların qazılması, suburaxan boruların qoyulması istiqamətində konkret tədbirlər həyata keçirmişik. Bu günlərdə həmin ərazidə yerləşən Motlayataq, Asxanakəran, Hamoşam, Toradi və yaxınlıqdakı digər kəndlərin sakinləri ilə görüşəndə hamının çöhrəsində hədsiz sevinc və minnətdarlıq hisləri açıq aşkar hiss olunurdu. Söhbətə qoşulanların hər biri möhtərəm Prezidentimiz İlham Əliyevə ucqar dağlıq ərazidə yerləşən, illərlə diqqətdən və qayğıdan kənarda qalmış kəndlərin sakinlərinə bu xoşbəxtliyi nəsib etdiyinə görə ürəkdən təşəkkürlərini və hədsiz məhəbbətlərini ifadə etməyə çalışırdılar.
Asxanakəran kənd sakini, "Tərəqqi" medallı müəllim Arif Əliyev ölkə rəhbərinin bu Sərəncamla bu dağlara təkcə yol yox, yeni həyat, böyük rahatlıq, xoşbəxtlik bəxş etdiyini qeyd edərək, bütün sakinlər adından cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Son 3 il ərzində rayon mərkəzində, qəsəbə və kəndlərdə iri infrastruktur layihələrin yerinə yetirilməsinin təşkilatçısı və təşəbbüskarı olduğuna görə icra başçısı Qəzənfər Ağayevi "İlin adamı" kimi şərəfli ada layiq görülməsi barədə təklif verdi.
Kənd ağsaqqalı Ramiz Gənciyev çıxışında illərdən bəri həsrətində olduq ları geniş və rahat yolun çəkilişinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Onun 95 yaşlı anasının "Mənim Prezidentimə dilimdən minnətdarlıq teleqramı göndər" deməsini eşitmək isə doğrudan da bu yolun böyükdən kiçiyə qədər bütün kənd sakinlərinin həyatında nə qədər əlamətdar olduğunu aydınlığı ilə göstərir.
Çox keçməz ki, Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi istiqamətində yaşayan iyirmi mindən çox əhali, eyni zamanda qonşu Lerik rayonunun Toradi kəndi ilə sərhəddə yerləşən Vılık, Vəcələgerə, Lodə, Kaqoy, Tülü, Hübi və digər kəndlərinin minlərlə sakini rahat asfalt yoldan istifadə edəcəklər. Nadir təbiət gözəlliyinə malik bu dağlıq ərazi rahat yoldan sonra turistlərin tez-tez gəldikləri məkana çevriləcəkdir. Aydın həqiqətdir ki, rahat yol olandan sonra bütün sahələrdə sürətli inkişaf olacaq, dağ kəndlərinin sakinləri bu inkişafdan lazımınca bəhrələnəcəklər.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB