Naxçıvanda ştrixkodlaşdırma sahəsində mühüm işlər görülür

Naxçıvanda ştrixkodlaşdırma sahəsində mühüm işlər görülür

Naxçıvan Muxtar Respublikasında müasir ştrixkodlaşdırma sistemi tətbiq edilməkdədir. Muxtar respublikanın İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yerli şirkətlərin istehsal etdikləri məhsullara ştrixkod almasını asanlaşdırmaq məqsədilə 2013-cü ilin yanvar ayında "Qlobal Standart 1" MMC ilə "Naxçıvan Biznes Mərkəzi" MMC arasında müqavilə imzalanıb.

Müqavilə əsasında 2015-ci ilin ötən dövrü ərzində 7 istehsalçı şirkət beynəlxalq GS 1 sisteminə daxil edilib, 180 yeni ştrixkod verilib. Ümumilikdə, ştrixkodla bağlı GS1 sisteminə daxil edilmiş yeni şirkətlərin sayı 47-yə, ştrixkod verilən məhsulların sayı 3360-a çatdırılıb.

Naxçıvan Biznes Mərkəzi tərəfindən bu istiqamətdə sahibkarlarla görüşlər keçirilir və beynəlxalq GS 1 sistemi haqqında məlumatlar verilir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar uzaq məsafə getmədən Naxçıvan Biznes Mərkəzinə müraciət edərək istehsal etdikləri məhsullara görə ştrixkod ala bilərlər.

Qeyd edək ki, avtomatik identifikasiya sistemlərinin yaranması informasiyanın toplanması və işlənilməsinin effektivliyini və sürətini kifayət qədər artırıb. Avtomatik identifikasiya sistemləri içərisində ən geniş yayılanı ştrixkodlaşdırmadır. Demək olar ki, bu gün ştrixkodlaşdırma bütün dünyada malların markalanmasının ayrılmaz hissəsinə çevrilib və minlərlə müəssisə uçot məqsədləri üçün ondan istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə