Astara: dağ kəndlərinin sosial problemləri həll edilir

Astara: dağ kəndlərinin sosial problemləri həll edilir

Astara rayonunun mərkəzindən 43 kilometr aralıda, uca dağlar qoynunda yerləşən Asxanakəran kəndində sakinlərlə keçirilən görüşdə rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev son illər icra nümayəndəlinin ərazisində yerləşən Asxanakəran, Motlayataq, Amboba və Əzərüd kəndlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsini təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsi kimi dəyərləndirib.

Qeyd olunub ki, dünya ölkələrinin kəskin maliyyə böhranı ilə üzləşdiyi bir dövrdə Azərbaycanda sosial-iqtisadi inkişafın sürəti hamını heyran edir. Bu inkişafı təkcə iri şəhərlərdə deyil, ən ucqar kəndlərdə də görmək olar. Prezident İlham Əliyevin Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının yenidən qurulması ilə əlaqədar imzaladığı Sərəncamın icrası ilə əlaqədar ərazidə qızğın iş gedir.

Görüşdə çıxış edən kənd sakinləri Şirməmməd Fərəcov, Arif Əliyev, Ramiz Gənciyev, kənd sahə xəstəxanasının baş həkimi Söhbəddin Kişiyev və başqaları son illər Astarada aparılan geniş abadlıq və quruculuq işlərindən söhbət açaraq, ucqar dağlıq ərazidə yerləşən kəndlərə geniş və rahat avtomobil yolunun çəkilməsinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər

Çıxış edənlər, həmçinin nümayəndəliyin ərazisində yeni xəstəxana binasının tikilməsi, elektrik təsərrüfatının yenidən qurulması, kəndarası yolların qaydaya salınması barədə təkliflər də irəli sürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə