Sentyabrın 15-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə yeni regional direktoru xanım Mersi Tembo ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan və Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın inkişafı perspektivləri müzakirə olunub.
Nazir Şahin Mustafayev Azərbaycan və Dünya Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu və nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, biznes mühitinin daha da yaxşılaşdırılması kimi sahələri əhatə etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan gələcəkdə də Dünya Bankı ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Görüşdə Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, hazırda iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində işlərin davam etdirildiyini vurğulayıb. Nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb.
Dünya Bankının Cənubi Qafqaz ölkələri üzrə regional direktoru Mersi Tembon qəbula görə təşəkkür edib, uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirib. Xanım Tembon Azərbaycanın iqtisadi, həmçinin bərk məişət tullantılarının idarə edilməsi, Abşeron göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması layihələri çərçivəsində əldə etdiyi uğurları müsbət qiymətləndirib, Dünya Bankının ölkəmizdə həyata keçirilən layihələrə bundan sonra da dəstək göstərəcəyini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB