Əflatun Amaşov: “Türkdilli xalqların birgə kanalının olması çox böyük layihədir"

Əflatun Amaşov: “Türkdilli xalqların birgə kanalının olması çox böyük layihədir"

"Türkdilli xalqların birgə kanalının olması çox böyük layihədir". Bu sözləri SİA-ya Azərbaycan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov deyib.

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qazaxıstanda baş tutan sammitdə Türkdilli xalqlar üçün vahid kanalın yaradılması ideyasına dəstək verməsinə münasibət bildirib.

O bildirib ki, bu layihə qloballaşan dünyada Türkdilli xalqlar üçün kifayət qədər önəmli rol oynaya bilər: "Türk xalqlarının vahid informasiya arenasında birləşməsi çox əhəmiyyətli bir məsələdir. Qloballaşan dünyada müxtəlif xalqlar bir-biri ilə daha çox əlaqə saxlamağa çalışır. Təbii ki, eyni kökdən olan xalqların bir-biri ilə qurduğu əlaqələr daha möhkəm olur".

Əflatun Amaşov bildirib ki, elə Türkdilli xalqlar var ki, onların sayı həddən artıq azdır və bu xalqlar öz mədəniyyətlərini qlobal dünyaya nümayiş etdirə bilmirlər: "Dünyada 300 milyona yaxın insan türkcə danışır. Yaradılan televiziyanın Sakit okeandan tutmuş Aralıq dənizinə qədər olan ərazidə yaşayan xalqları birləşdirməsi çox böyük bir layihə olardı. Bu televiziya bir xalqın həyatında baş verən hadisələri digər türk xalqlarına da çatdıracaq. Beləliklə bu televiziya həm də mədəniyyətlərarası körpü rolunu oynayacaq.

Azərbaycan, Türkiyə, Qazaxıstan kimi öz dövlətlərini qurmuş xalqların mədəniyyətləri hələ öz dövlətlərini qurmamış xalqlara da gedib çatacaq. Nəticədə azsaylı xalqlar çoxsaylı xalqlar hesabına öz mədəniyyətlərini zənginləşdirəcəklər.

Zamanın tələblərinə görə, Türkdilli xalqlar arasında çox təəssüf ki, mədəni və iqtisadi əlaqələr kəsilib. Yaradılacaq televiziya vasitəsilə bu əlaqələr yenidən bərpa olacaq. Beləliklə vahid informasiya məkanı formalaşacaq və dünyanın hər bir yerində yaşayan türkdilli xalqları birləşməsində əvəzsiz rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə