Bakının işğaldan azad olunması ilə əlaqədar tədbir keçirilib FOTOLAR

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB), Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının və Bakı Söhbət Toplantıları Klubunun birgə təşkilatçılığı ilə Azərbaycanın hərb tarixi və Bakının işğaldan azad edilməsinin 97-ci ildönümünə həsr edilən tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə QHT sədrləri, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə vətən uğrunda şəhid olan əsgərlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Giriş sözü ilə çıxış edən Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin(TUMİB) sədri Çingiz Bayramov qeyd edib ki, sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür: "97 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir".

Digər çıxış edən natiqlər bildiriblər ki, möhtəşəm və tarixi qələbədən Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib: "Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi, şəhərdə əsl bayrama səbəb olub. Şəhərdə ziyafət məclisləri düzənlənib, türk ordusunun komandanı Nuru paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edilib".

Qeyd olunub ki, 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir: "Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid veriblər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk Şəhidliyi" abidəsi önündə anma mərasimi keçirilir".

Tədbir "General Cəmşid Naxçıvanski" sənədli filiminin nümayişi ilə başa çatıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə