"Rusiya Ermənistandan çox buradakı bazanın qayğısına qalır" AÇIQLAMA

"Rusiya Ermənistandan çox buradakı bazanın qayğısına qalır" AÇIQLAMA

"Bu bir daha Ermənistanın asılı dövlət olduğunu sübut edir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Rusiya və Ermənistanın hava hücumundan birgə müdafiə sistemi qurması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın əsas məqsədi forpostu olan Ermənistanı hər yolla müdafiə etməkdir: "Bunun üçün müxtəlif addımlar atılır ki, bu da onlardan biridir. Bu addım Ermənistanın Rusiyadan asılı olan dövlət olduğunu bir daha ortaya qoyur. Bu asılılıq o dərəcəyə çatıb ki, Ermənistan heç bir dövləti vəzifələrini yerinə yetirmək istəmir. Hətta hava hücumundan müdafiə məsələləri də Rusiya tərəfindən həyata keçirilir.

Bu bizim üçün narahatçılıq doğurmur. Biz işğal olunmuş torpaqlarımızın geri qaytarılmasına çalışırıq. Ermənistan da anlamalıdır ki, Azərbaycan ona bu barədə heç vaxt güzəşt etməyəcək".

Ekspert bildirib ki, Rusiyanın Ermənistanda olan ikinci bazası onun üçün daha önəmlidir: "Rusiyanın Gümrü şəhərindəki bazası daha önəmlidir. O çalışır ki, Ermənistanın yox, daha çox ikinci bazasının qayğısına qalsın.

Sentyabrın 7-də baş tutan görüşdə Putin Ermənistana müasir silahlar verməyi söz verib. Təbii ki, o bununla Ermənistanı şirnikləndirməyə davam edir. Beləliklə Ermənistan Rusiyanın təsiri altında durmağa davam edir.

Bu yaxınlarda Ermənistanın müdafiə nazirinin müavini David Tonayan Amerikaya səfəri zamanı Rusiya ilə bağlı bəzi narahatçılıqlarını dilə gətirmişdi. Rusiya da başa düşür ki, əgər onlar Ermənistanı lazımi şəkildə təmin etməsələr, onların forpostu ilə bağlı narahatçılıq yarana bilər. Ona görə də hər vədlə Ermənistanı dəstəkləyirlər. Lakin nə qədər dəstəkləsələr də, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə