Naxçıvan-Qars dəmiryolu layihəsinə bu il start veriləcək

Naxçıvan-Qars dəmiryolu layihəsinə bu il start veriləcək

Bakı-Tiflis-Qars dəmiryolu layihəsi başa çatdıqdan sonra Naxçıvan-Qars dəmiryolu layihəsinə də start veriləcək. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin dəmiryolu xəttinin tikintisi Qarsdan başlayacağına görə, ilk öncə Bakı-Tiflis-Qars dəmiryolu xətti başa çatmalıdır: "Hazırda bu layihə üzərində işləyirik. Daha sonra sözügedən layihəyə start verəcəyik. Bu birgə layihə olduğundan həm Türkiyə, həm də Azərbaycan tərəfdən məsələyə nəzarət edilir".

Nadir Əzməmmədovun qeyd edib ki, layihəyə 2015-ci ilin axırında start verilə bilər.

O, Türkiyə ərazisində baş verən terror aktları və qeyri-stabil situasiya ilə bağlı yarana biləcək təhlükə ehtimalına da münasibət bildirib: "Biz 2015-ci ilin axırında qatarları sərhəddə qədər aparacağıq. Türkiyə ərazisində baş verən hadisələr bizim üçün heç bir mane törətmir".

Bütün xəbərlər Facebook səhifəmizdə