BANM yeni tədris ilinə başlayır (FOTOLAR)

BANM yeni tədris ilinə başlayır (FOTOLAR)

Bu gün Bakı Ali Neft Məktəbində (BANM) 2015-2016-cı tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə SOCAR prezidenti, millət vəkili Rövnəq Abbullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrel və digər rəhbər şəxslər, BANM-in professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni ilə öz işinə başlayan tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, bu il TQDK-nın ali məktəblərə keçirdiyi qəbul imtahanında ali məktəbə 120 qəbul yeri üzrə bütün yerlər tutulub: "Məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu il üçün I qrup üzrə keçirilən test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə daxil olub. Bu abituriyentlər Qubadlı, Bərdə və Bakı məktəblərinin məzunlarıdır. Ali Məktəbə qəbul olan abituriyentlərdən 10 nəfəri orta məktəbi qızıl, 2-si gümüş medalla bitirib".

BANM-in rektoru inamla qeyd edib ki, gələcəkdə BANM-in tələbələri yüksək ixtisaslı mütəxəssislər kimi bu sahəyə öz töhfələrini verəcəklər.

SOCAR prezidenti Rövnəq Abdullayev isə çıxışında deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan Ali Neft Məktəbində qısa müddət ərzində infrastrukturunun yaradılması, kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görülüb və bunun nəticəsində yüksək nailiyyətlər əldə edilib: "Hər il olduğu kimi 2014-2015-ci tədris ilində də BANM-ın fəaliyyəti aktiv olub. Beynəlxalq şirkətlərlə yeni əməkdaşlıqlara başlamaqla, tədrisin yüksək səviyyədə aparılması üçün müasir texnologiyaların tədbiqini genişləndirməklə və digər yüksək göstəriciləri ilə yeni uğurlara imza atıb".

R.Abdullayev BANM-də 2015-2016-cı tədris ilində də aparılan işlərin davam etdiriləcəyinə, fəaliyyətinin daha da genişlənəcəyinə, bu yeni tədris ilində tələbələrin daha aktiv olacaqlarına inamını ifadə edib.

Tədbirdə TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, I qrupa tələbə axını daha çox müşahidə olunub: "Neft ixtisasları ilə bağlı aparılan təhlillər göstərir ki, 1994-cü ildə 200-ə yaxın yer vakant olurdusa, indi 30 mindən çox abituriyent məhz texniki sahəni seçir. Bu yaxınlarda prezident təqaüdü üçün tələbələrin siyahısı dövlət başçısına təqdim olunub. I qrupda 690-dan yuxarı bal topayan bütün abituriyentlər namizəd kimi irəli sürülüb. Bu da təxminən 25 nəfərdir".

Tədbirin sonunda qonaqlar BANM-də tələbə adını qazanan tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbokları təqdim ediblər. Eyni zamanda, ötən tədris ilində müxtəlif uğurları ilə seçilən tələbələrə sertifikatlar və fəxri diplomlar təqdim olunub.


İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə