9-11 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 9-cu Azərbaycan Beynəlxalq Karyera sərgisi keçiriləcək. SİA-nın xəbərinə görə, sözügedən sərgi həm birbaşa məşğulluq baxımından, həm də "rekrutinq" (personalın seçilməsi və qiymətləndirilməsi) üzrə mütəxəssislərlə peşəkar ünsiyyət üçün imkan yaradan ixtisaslaşmış unikal platformadır. "Karyera" sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir və bu fakt tədbirin nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Sərginin təşkilatçısı qismində "Caspian Event Organisers" ("CEO") şirkəti çıxış edir.
Bu il "Akkord", "Azercell", "Azersu", "Baku Grand Prix", "Gilan Holding", Bakı Metropoliteni, "Halliburton" (ABŞ), ARDNŞ və digər şirkətlərdən ibarət olan sərgi iştirakçıları neft-qaz, telekommunikasiya, nəqliyyat, maliyyə, su təchizatı, energetika, satış və marketinq sahələri üzrə vakansiyalar təklif edəcəklər. Bundan başqa, "Baku Grand Prix" layihəsinin Təşkilat komitəsi də sərgidə öz vakansiyalarını təqdim etməklə yanaşı, 2016-cı ildə Bakıda təşkil olunacaq "Formula-1" (F1) üzrə Avropa Qran-pri avtomobil yarışı üçün könüllülərin cəlb olunmasını həyata keçirəcək.
Ümumilikdə, sərgi çərçivəsində iş axtaranları mühasib, ofis meneceri, İT mütəxəssisi, auditor, maliyyə analitiki, kadrlar üzrə menecer, çağırış mərkəzinin əməkdaşı, energetika mühəndisi, elektrik, mexanik, avtomatika mütəxəssisi və bir sıra digər ixtisaslar üzrə vakansiyalar gözləyir. Ziyarətçilər sərgidə məşğulluq üzrə konsultasiya almaq, anket doldurmaq və hətta sərgidə təmsil olunan şirkətlərin kadrlar şöbəsi əməkdaşlarının iştirakı ilə ilkin müsahibədən keçmək imkanına malik olacaqlar. Bundan başqa, "Gilan Holding" şirkəti tərcümeyi-halların düzgün doldurulması və arzu olunan vəzifəni tutmaq üçün müsahibədə lazımı qaydada iştirak etməyin yolları barədə seminar təşkil edəcək.
"Karyera" sərgisi çərçivəsində iki maraqlı tərəf - işəgötürən və gələcək kadrların hazırlığı ilə məşğul olan mütəxəssislər arasında görüşün təşkili artıq ənənəvi hal alıb. Builki sərgi də bu baxımdan istisna olmayacaq və sərgi ərzində Bakı Ekspo Mərkəzi ərazisində kadrlar şöbəsinin rəhbərləri və ali təhsil müəssisəsi təmsilçilərinin iştirakı ilə dəyirmi masanın təşkili planlaşdırılır.
"Karyera" sərgisinə giriş iş axtaran hər bir kəs üçün açıqdır. Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri "Koroğlu" metro stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz və müntəzəm qrafik əsasında) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq. Sərgi öz işini oktyabr ayının 11-nə kimi davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB