Gəncədə konfrans keçiriləcək

Sentyabrın 18-də Gəncədə neonatologiyaya həsr edilmiş beynəlxalq elmi-praktik konfrans öz işinə başlayacaq. Konfransda Azərbaycanın şəhər və rayonlarında bu sahədə çalışan aparıcı həkimlərlə yanaşı, Türkiyənin EGE Universitetinin professor və müəllim heyəti də iştirak edəcək.

Gəncə şəhər səhiyyə idarəsinin rəisi, tibb elmləri doktoru, professor Əlikram Məmmədov azərtac-ın müxbirinə deyib ki, konfransda neonatologiya sahəsində çalışan aparıcı mütəxəssislərin əldə etdikləri son nailiyyətlər, qarşıda duran aktual problemlərin həlli ilə bağlı məruzələr dinləniləcək, praktik vərdişlərin nümayişi keçiriləcək.

İdarə rəisi əlavə edib ki, konfransın keçirilməsində əsas məqsəd bölgələrdə çalışan həkimlərə neonatologiya sahəsində əldə edilən son nailiyyətlər barədə məlumat verməklə yanaşı, onları nəzəri və praktiki yanaşmalarla bilavasitə yaxından tanış etməkdir.

İki gün davam edəcək konfransda yenidoğulmuşların orqanizmlərində müşahidə olunan xəstəliklər, onların müalicəsindəki təcrübələrin və bu sahədə elmi tədqiqatların nəticələri aparıcı mütəxəssislər, tədqiqatçılar, həkimlər tərəfindən araşdırılacaq, qarşılıqlı əlaqələrin qurulması üçün fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə