Sevinc Fətəliyeva: "Qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır"
Avropa Parlamentinin qəbul etdiyi son əsassız qətnamə Azərbaycana qarşı təzyiq cəhdlərinin davamıdır. Bu, parlament seçkiləri ərəfəsində ölkəmizin imicinə xələl gətirmək cəhdidir. Bu fikirləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
S.Fətəliyeva bildirib ki, müəyyən xarici dairələr bəzi ölkələr kimi Azərbaycanı da alət kimi istifadə etməyə çalışırlar. Amma bütün təzyiqlərə baxmayaraq, milli maraqların qorunmasını əsas tutan Azərbaycanın müstəqil, tarazlaşdırılmış siyasət yürütməsi onları ciddi narahat edir.
Diqqətə çatdırılıb ki, əslində, bu gün Avropanın özü ciddi problemlər məngənəsindədir. Avropa Parlamenti (AP) Azərbaycandakı vəziyyəti müzakirəyə çıxarmaq əvəzinə, Avropanın üzləşdiyi problemlərə diqqət yetirsə yaxşı olar. Bu gün Avropadakı islamofobiya, dini dözümsüzluk, müəyyən dairələrin maraqlarının və ambisiyaların həyata keçirilməsi hər kəsə bəllidir. Amma bu qədər problemlər fonunda cinsi azlıqların hüquqları əsas tutularaq mühüm məsələlərə göz yumulur. Avropalılar siyasətə ikili standartların tətbiqi ilə, özləri öz əlləri ilə "müqəddəs" Avropa dəyərlərini məhv edəndən sonra, kimdənsə nəyisə tələb etmək hüququnda deyillər.
Qeyd edilib ki, qətnamədə yer alan məsələlərdən biri insan haqlarının pozulmasıdır. Əgər həqiqətən Azərbaycan xalqının haqqı onları narahat edirsə, niyə 1 milyon qaçqın, köçkünümüzün adı çəkilmir? Niyə AŞPA-da "Azərbaycanda demokratik institutların fəaliyyətı" adlı məruzədə "Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olması" ifadəsi götürüldü? Bütün bunlar onu göstərir ki, onları nə Azərbaycan xalqı, nə də Azərbaycanın həqiqətləri maraqlandırır. Bu kimi təşkilatlar yalnız və yalnız müəyyən dairələrin tapşırıqlarını yerinə yetirərək belə bir mövqedə dayanır, belə qətnamələr qəbul edilir. Əslində, Azərbaycanla əməkdaşlığın dayandırılması ilə bizi qorxutmaq mümkün deyil. Bu gün Avropa Azərbaycana yox, Azərbaycan Avropaya lazımdır. Azərbaycan öz balanslaşdırılmiş xarici siyasəti, tolerantlığı, sosial siyasəti, ümumiyyətlə öz dəyərləri ilə bir sıra Avropa ölkələrini üstələyir.
Vurğulanıb ki, Azərbaycan beynəlxalq hüquq qarşısında, üzv təşkilatlar qarşısında öz öhdəliklərini layiqincə yerinə yetirir. Lakin bu, heç kimə Azərbaycanın daxili işlərinə qarışmaq hüququnu vermir. Azərbaycanın Prezidenti dövlətin və xalqın maraqlarının qorunması istiqamətində uğurlu siyasət həyata keçirir. Biz bütün dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı manipulyasiya əsasında deyil, yalnız bərabər hüquq əsasında qura bilərik. Heç bir təşkilat ölkəmizlə diktə dilində danışa bilməz. Bəzi beynəlxalq təşkilatların, məsələn AP, AŞPA-nın qəbul etdikləri qeyri-ciddi, qərəzli sənədlər heç bir əhəmiyyət daşımır, bu, yalnız kağız parçasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB