ARGTMŞ üzvləri “ASAN xidmət” mərkəzində

ARGTMŞ üzvləri “ASAN xidmət” mərkəzində

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən yeni istifadəyə verilmiş 5 saylı Bakı "ASAN xidmət" mərkəzinə məlumat turu təşkil olunub. SİA-nın xəbərinə görə, məlumat turu ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəallarının iştirakı ilə baş tutub.

Tur zamanı ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları "ASAN xidmət" mərkəzinin yaranma tarixi və onun fəaliyyət istiqamətləri haqqında məlumat əldə ediblər. 5 saylı "ASAN xidmət" mərkəzinə ziyarət edən gənclərə mərkəzin müasir texnoloji təchizat ssistemi və yeni xidmətləri haqqında məlumat verilib. Daha sonra gənclər Ümummilli lider Heydər Əliyevə aid fotogüşə, "İdeya bankı", yeni printer növü, funksional xidmətlər və digər üstünlüklər ilə yaxından tanış olublar. Həmçinin gənclər təşkilatlarının rəhbər və fəalları "ASAN Könüllüləri"-nin iş fəaliyyəti ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, "ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.

Xatırladaq ki, ARGTMŞ gənclər təşkilatları arasında ölkənin tarixi, mədəniyyəti, incəsənəti, innovativ və müasir texnologiyalarının təbliği və onların məlumatlığının artırılması məqsədilə mütəmadi olaraq məlumat turları həyata keçirir. Bugünədək ARGTMŞ-ın təşkilatçılığı ilə "Dövlət Bayrağı Meydanı Kompleks İdarəsi", "Quba Soyqırım Memorial Kompleksi", "Sağlam Ailə" klinikası, Azərbaycan Diplomatik Akademiyası (ADA), Xalça Muzeyi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Milli Məclisinə məlumat turları təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə