Dövlət qulluğuna işçi axtarılır ELAN

Dövlət qulluğuna işçi axtarılır ELAN

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 11 sentyabr 2015-ci il tarixdən 28 dövlət orqanında inzibati vəzifələrin beşinci - yeddinci təsnifatlarına uyğun olan 264 vakant vəzifənin tutulması üçün müsabiqə, 7 dövlət orqanında isə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 42 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin 216-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 48-i isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 40-ı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.

İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının yerinə yetirilməsi nəzərdə tutulur. Test tapşırıqlarının hazırlanması üçün tərtib edilən ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.

Test imtahanı aşağıdakı test bloklarından ibarət olur:

- dünyagörüşü, o cümlədən Azərbaycan dili və Azərbaycan haqqında ümumi biliklər

üzrə - 15 test tapşırığı;

- qanunvericilik sahəsində - 40 test tapşırığı;

- informasiya texnologiyaları sahəsində - 15 test tapşırığı;

- məntiqi düşünmə qabiliyyəti sahəsində - 30 test tapşırığı.

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 11 sentyabr 2015-ci il tarixdən 12 oktyabr 2015-ci il tarixdə saat 18:00-dək Komissiyaya təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə