Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsi tapşırılıb. Eyni zamanda, Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 3 iyun 2015-ci il tarixli qərarla "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası" təsdiq edilib. Bu zaman belə bir sual meydana çxır – Məlum qərarlardan sonra bu gün dərman bazarında son durum hansı vəziyyətdədir? Dərmanların idxalı, qiymətlərinin tənzimlənməsi necə həyata keçirilir?
.jpg)
46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşıb
Bununla bağlı qurumumuz adından Səhiyyə Nazirliyinə sorğu göndərdik, eləcə də şəhərin bir sıra apteklərində son durumu öyrənməyə çalışdıq. Məlum oldu ki, ölkə başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Artıq Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2015-ci il 30 iyul tarixində keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib. Tarif (qiymət) Şurasının digər bir iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bunun da nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşıb. Bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb. Əhalinin marağına səbəb olan, böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.
Nazirlikdən o da bildirilib ki, 1057 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Daha dəqiq desək, 55 yeni təsiredici maddə üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulu elan olunmuş və bunun üçün son müddət 2015-ci il sentyabr ayının 10-dək müəyyən edilib.
.jpg)
Eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaqdır
Əhali arasında dərmanların qiymətlərinin aşağı salınmasından sonra apteklərdə qıtlığın yarandığına dair dolaşan fikirlərə münasibət bildirən Səhiyyə Nazirliyinin digər məsul işçisi - Analitik Ekspertiza Mərkəzinin direktoru Fərid Əliyev qeyd edib ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin sayı dörd min beş yüzdən artıqdır: "Bu dərman vasitələrinin qiymətləri mərhələli şəkildə Azərbaycan Respublikasının Tarif (qiymət) şurası tərəfindən təsdiqləndikcə eyni preparatlar bütün ölkə ərazisində təsdiqlənmiş vahid qiymətlə satılacaqdır. Əczaçılıq bazarından real qiymətindən 300-500% baha satılan dərman vasitələrinin aradan çıxması alqışlanan haldır. Çünki Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin arasında eyni təsiredici maddəyə malik müxtəlif ticarət adları altında dərman vasitələri mövcuddur. Bunlar müxtəlif istehsalçılara aid olan eyni tərkibli nisbətən baha və ucuz olan dərman vasitələridir. Bu da ölkə əhalisinin müxtəlif təbəqələrinin mənafeyinə xidmət edən haldır."
.jpg)
Dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir
Beləliklə, hər hansı bir dərman vasitəsinin dərman bazarından çıxması onun qıtlığına səbəb olmamalıdır. Demək olar ki, hər bir dərman vasitəsinin eyni təsiredici maddəyə malik olan alternativi mövcuddur. Dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin keyfiyyəti eyni dərəcədə yüksəkdir. Təsiredici maddə haqqında məlumat (Beynəlxalq Patentləşdirilməmiş Adla) ticarət adı ilə bərabər dərman vasitəsinin qutusu üzərində qeyd olunur.
Göründüyü kimi, Prezident İlham Əliyevin bilavasitə tapşırığı ilə apteklərdə dərman preparatlarının qiymətinin aşağı salınması çox ciddi məsələdir. Bu, bir daha onu deməyə əsas verir ki, ölkə başçısı insanlarımızın, vətəndaşlarımızın bütün problemləri ilə yanaşı, eyni zamanda sağlamlıqlarının da qeydinə qalması məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Ölkəmizdə sosial durumu aşağı olan, yaşlı, əlil insanlar var ki, onlar bəzən həkimə müraciət etməkdən çəkinirlər. Bunun başlıca səbəbi kimi isə dərmanların baha olmasını dilə gətirirlər. Bəzən həkim dərman yazır aptekə girirsən görürsən ki, qiymət cibinə uyğun deyil. Eyni dərmanın qiyməti bir aptekdə bu qiymətə, digərində isə fərqli qiymətdə görürük. Bu, müəyyən işbazların müəyyən məsələlərdən istifadə edib gətirilən dərmanların qiymətlərini öz bildiyi kimi təyin etmələrindən irəli gəlir.
Nəticə etibarilə apardığımız araşdırmalardan və bu kimi faktorlardan bir daha bəlli olur ki, insanların sosial və s. durumlarının daha da yaxşılaşdırılması üçün dövlət başçısı İlham Əliyev tərəfindən atılan düşünülmüş addımlar öz əhəmiyyəti ilə seçilir, eyni zamanda öz bəhrəsini verir. Xüsisilə, qeyd edilən məsələylə bağlı həyata keçirilən siyasət də özündə məhz bu kimi mühüm faktorları ehtiva etməkdədir.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB