Ümummilli liderin və şəhidlərin xatirəsinə ehtiram

Belarus Respublikasının ölkəmizdə yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç sentyabrın 4-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə güllər qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilib, məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra səfir Gennadi Axramoviç Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üstünə və "Əbədi məşəl" abidəsinin önünə çiçəklər qoyub.

Diplomat Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtını seyr edib. Səfirə Şəhidlər xiyabanının tarixi və ölkəmizin paytaxtında aparılan quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...