Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova sentyabrın 4-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Masallı, Cəlilabad, Lerik, Yardımlı, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib. SİA-nın Cənub bürosunun məlumatına görə, qəbuldən əvvəl Hicran Hüseynova və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən işlə təminat, xəstələrin müalicəsi, evlərin təmiri, zorakılığa məruz qalmış qadın və uşaqlar üçün sığınacaq mərkəzlərinin yaradılması, erkən nigahla bağlı qanunvericiliyin sərtləşdirilməsi, regionlarda gənc ailələrə "İpoteka" kreditinin verilməsi və sair məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılması zəruri olan bir sıra müraciətlər isə qeydiyyata götürülüb və onların həlli üçün konkret tapşırıqlar verilib.
Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəbuldan sonra Dövlət Komitəsinin sədri Hicran Hüseynova Masallı rayonunun bir qrup fəal qadını ilə görüşüb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB