ICAPP Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları Milli Məclisdə

Sentyabrın 3-də Milli Məclis sədrinin müavini Bahar Muradova Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Qadınlar Qolunun 3-cü iclasının iştirakçıları ilə görüşüb. Görüşdə iclasın nəticələrinin uğurlu olduğunu söyləyən Bahar Muradova Yeni Azərbaycan Partiyasının (YAP) ICAPP-ın fəal üzvlərindən biri olduğunu bildirib. Bahar Muradova deyib ki, YAP artıq qurumun bir sıra tədbirinə ev sahibliyi etməklə həm bu təşkilatdakı fəaliyyətinə verdiyi önəmi, həm də bu ICAPP-ın qarşısına qoyduğu hədəfləri dəstəklədiyini nümayiş etdirir. Bu beynəlxalq təşkilatla münasibətlərimizin qısa vaxtda formalaşmasına baxmayaraq, birlikdə çox böyük yol keçmişik.

Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa müddətdə sürətli və dinamik inkişaf yolu keçərək beynəlxalq aləmdə özünə layiqli yer tutub. Parlamentin sədr müavini ICAPP Qadınlar Qolunun 3-cü iclasında yoxsulluğun aradan qaldırılması, təhsil və sağlamlıq məsələləri, qadınların səlahiyyətləndirilməsi, siyasi təmsilçilik kimi mühüm məsələlərin müzakirə olunduğunu bildirərək deyib: "Bu problemlərin aradan qaldırılması işinə daha yaxından qoşulmaq və töhfə vermək üçün qadınlar ilk növbədə siyasi təmsilçilik sahəsində uğurlar qazanmalıdırlar. Azərbaycan məhz bunu prioritet istiqamət kimi qəbul edib. Azərbaycan Asiya ölkələrinin siyasi partiyaları ilə münasibətlərinə mühüm əhəmiyyət verir".

Vurğulanıb ki, hazırda dünyada mövcud münaqişə ocaqlarının 80 faizi Asiya ölkələrinin payına düşür. Kasıblıq, təhsildə gerilik, səhiyyə sahəsində problemlər, ailə-məişət zəminində baş verən zorakılıqlar, erkən nikah, dini-milli dözümsüzlük, ayrı-seçkilik, bütün bunlar Asiyadakı vəziyyəti öz xeyrinə dəyişmək istəyən qüvvələrin əlinə çox ciddi əsaslar verir.

ICAPP daimi komitəsinin həmsədri və qurumun baş katibi Çunq Eu Yonq təşkilata verdiyi dəstəyə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. ICAPP-ın Qadınlar Qolunun fəaliyyəti barədə məlumat verən Çunq Eu-Yonq dünən qəbul olunan "Asiyadakı qadınlar üzrə Bakı Bəyannaməsi"nin təşkilatın gələcək fəaliyyətinin əsas istiqamətlərini özündə əks etdirdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə