Avqustun 29-da Şəmkir rayonunun Mehrili və Neftçala rayonunun Qədimkənd kəndlərinə təbii qaz verilib. Dövlət Neft Şirkətindən (SOCAR) SİA-ya verilən xəbərə görə, bununla əlaqədar keçirilən tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəmkir rayonunun Mehrili kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə keçirilmiş tədbirdə bildirilib ki, 144 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8265 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 144 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Həmin gün neftçalalılar üçün də əlamətdar olub, rayonun 424 abonentlik Qədimkənd kəndinə təbii qazın verilişi bərpa edilib. Qeyd olunub ki, bu məqsədlə 21329 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB