Məzahir Pənahov: "Seçkilərin uğurla keçirilməsi üçün bütün şərait var"
"Bu gün seçkilərin keçirilməsində kifayət qədər nailiyyətlər əldə edilib". Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov seçkilərin uğurla keçirilməsi üçün bütün şəraitin olduğunu bildirib: "Ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var. Amma xoşagəlməz halların olmasından heç kim sığortalanmayıb. Burada milyonlarala insan səs verir. Burada xoşagəlməz halların olması təbii haldır. Ancaq seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin".
MSK sədri bildirib ki, seçkilərə aidiyyatı olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir.
M.Pənahov müşahidəçilərə çağırış etməyi də unutmayıb: "Seçki Məcəlləsi tələb edir ki, müşahidəçi ancaq özü gördüyünü qeyd etsin. Əgər müşahidəçi nəyisə başqasından eşidirsə, onu qeyd etməlidir ki, o bunu özü görməyib, eşidib. Eşidilib yazlan məsələ müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız öz müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB