Parlament seçkilərinə start verildi

MSK təşviqat vaxtlarını açıqladı
Parlament seçkilərinə start verildi

Bu gün Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Parlamentə seçkilərin hazırlanıb keçirilməsi üzrə tədbirlərin Təqvim Planı təsdiqlənib.

MSK sədri Məzahir Pənahov bildirib ki, dövlət başçısının 28 avqust tarixli sərəncamına əsasən Milli Məclisə seçkilər bu il noyabrın 1-də keçiriləcək. Təqvim Planına əsasən bu gündən namizədlərin irəli sürülməsi prosesi başlanır. Qeydiyyat üçün zəruri olan sənədlər sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Təşviqata oktyabrın 9-da start veriləcək, 31 oktyabr saat 08:00-da isə dayandırılır.

Sonra sənədlərin müzakirəsinə başlanılıb. Gündəliyə "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclsinə seçkilərin hazırlanıb keçirilməsi üzrə hərəkət və tədbirlərin Təqvim Planı"nın təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması və imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələləri daxil edilib.

Müzakirələrdən sonra sənədlər MSK üzvləri tərəfindən qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə