Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda keçirilən növbəti əmək yarmarkasına 39 təşkilatdan 297 vakant iş yeri çıxarılıb. Tədbirdə çıxış edən rayon Məşğulluq Mərkəzinin direktoru Məmməd Məmmədov muxtar respublikada məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən söhbət açıb.
Bildirilib ki, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Şərur rayonunda sahibkarlığın inkişafı üçün yaradılmış münbit şərait, tikinti-quruculuq tədbirlərinin geniş vüsət alması, yeni istehsal sahələrinin yaradılması əhalinin məşğulluq məsələlərinin həll olunmasına müsbət təsir göstərir. İstər dövlət, istərsə də özəl müəssisələrin müxtəlif sahələr üzrə işçi kadrlara olan ehtiyacı da məhz keçirilən əmək yarmarkaları vasitəsilə təmin edilir.
Əmək yarmarkasına müraciət etmiş Eldar Ələkbərov keçirilən tədbirin işaxtaranlar üçün yaxşı fürsət olduğunu bildirib, təşkilatçılara minnətdarlıq edib.
Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Kamal Ələkbərov tədbirdə çıxış edərək vurğulayıb ki, əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Xüsusilə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)"nın uğurlu icrası yoxsulluğun nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarıb.
Yarmarkada muxtar respublikada işsizliyin aradan qaldırılması, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirləri əks etdirən slayd nümayiş olunub.
Əmək yarmarkasında 41 nəfərə işə göndəriş verilib, 3 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB