Hikmət Əlisgəndəroğlu: "Televiziya sahəsində iradəsi olan insanlar çalışmalıdır" MÜSAHİBƏ

Hikmət Əlisgəndəroğlu: "Televiziya sahəsində iradəsi olan insanlar çalışmalıdır" MÜSAHİBƏ

Müsahibimiz İctimai Televiziya və Radio Yayımları Şirkətinin "Carçı film" Yaradıcılıq Birliyinin direktoru Hikmət Əlisgəndəroğludur

- Hikmət müəllim İTV-nin 10 illik yubuleyidir. İTV-nin yayıma başladığı 29 avqust 2005-ci il tarixindən bu günə kimi kifayəyət qədər uğurları olub. Bu uğurlara nail olmaq çətin olmayıb ki?

- Televiziya verilişləri insanların mənəviyyatına, durumuna, psixasına güclü təsir qabiliyyətinə malikdir. Ona görə ki, səs-səmirsiz qonaq kimi evlərə daxil olan televiziyanın milli–mənəvi dəyərlərimizin qorunmasında da və onun aşılanmasında da rolu böyükdür. Heç şübhəsiz ki, 10 il bundan qabaq yaradılan İTV bu məsələlərə əhəmiyyətli dərəcədə təsir göstərir və ölkəmizin milli maraqlarını daim diqqət mərkəzində saxlayır. Bu baxımdan İctimai televiziyanın nəzdində fəaliyyət göstərən "Carçıfilm" Yaradıcılıq birliyi də bir sıra uğurlara imza atıb. Belə ki, vətənpərvərlik və milli-mənəvi kökümüzə qayıdışı daim diqqət mərkəzində saxlayan Yaradıcılıq birliyinin bu mövzuda ərsəyə gətirdiyi Qanlı Yanvara həsr olunan "Yaddaşın izləri", Xocalı soyqırımına həsr olunan "Sonuncu gecə", "31 Mart soyqırımı"na həsr olunan bir çox televiziya filmləri çoxsaylı tamaşaçı rəğbətini qazanıb. Milli qəhrəmanlarımıza həsr olunan verilişlərimiz həmişə diqqət mərkəzindədir və gənc nəslin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Azərbaycanın dövlətçilik və hərb tarixinin görkəmli nümayəndələri Məhəmməd Əmin Rəsulzadə, Səmədbəy Mehmandarov, Əliağa Şıxlinski, Cəmşid Naxçıvanski və başqalarının ömür yolundan bəhs edən filmlər də geniş tamaşaçı auditoriyası tərəfindən müsbət qarşılanıb.

- İctimai Televiziya yaranma tarixi cəmi 10 il olmasına baxmayaraq yeni yaradıcılıq fəaliyyəti ilə xalqın rəğbətini qazanmışdır. Deyə bilərsinizmi qarşıda hansı yeniliklər, layihələr nəzərdə tutulur?

- Yeni layihələrimizdən görkəmli bəstəkarımız Emin Sabitoğluna həsr olunan "Düşürsən yadıma", bəstəkar Elza İbrahimova həsr olunan "Sən yadıma düşəndə", tənçidçi - Qulu Xəlilova həsr olunan "Yaşamaq istəyirəm", məşhur rəssamlar silsiləsindən Nağdəli Xəlilova həsr olunan "Ömrümdən keçən rənglər", o cümlədən, dünya incəsənətindən incilər seriyasından Antoni Qaudiyə həsr olunan sənədli telefilmlər də bu qəbildəndir. Zirvədəkilər seriyasından Fikrət Qocaya, Zəlimxan Yaquba, Rasim Balayevə və başqalarına həsr olunan sənədli filmlər tamaşaçılarımızı yaşamağa və işləməyə, həyatdan və sənətdən zövq almağa səsləyib.Musiqi dünyamızın məşhur simalarından Arif Babayevə həsr olunan "Muğamın Arifi", Canəli Əkbərova həsr edilən "İki xan arasında bir can", sənət dünyamızda öz sözünü demiş aktyor və rejissorlarımızın ömür yolunu əks etdirən Həsən Məmmədovla bağlı "Bizi bağışlayın", İlham Namiq Kamala həsr olunan "Sənətinin sahibi", Abbas -Mirzə Şərifzadənin " və Ülvi Rəcəbin ömür yolunu əks etdirən "Aktyor ömrü", rejissor Tofiq İsmayılovdan bəhs edən "Mənim dünyam" və sair onlarla belə sənədli filmlər bu vaxta qədər teleməkanda müraciət olunmayan telelayihələrdi ki,bu da Carçıfilmin adıyla bağlıdır.Yeni filmlərimizdən söz düşmüşkən,yaxşı işimizin nəticəsi kimi keçən il Moskvada keçirilən film festivalda,"Qran-Priyə" layiq görülən "Qağayı"filminin adını çəkmək də yerinə düşər.

- Mənəvi dəyərlərin inkişafında və təbliğində televiziyaların rolu, imkanları daha böyükdür. Bu missiyanı İTV necə həyata keçirir?

- Vaxtilə Ulu Öndər Heydər Əliyevin təkidi, diqqət və qayğısı ilə Naxçıvana gətirilən və şam işığında qorunub, saxlanılan bayrağımız bu gün, Ulu Öndər Heydər Əliyev ənənələrinin davamçısı olan İlham Əliyev cənablarının göstərişilə paytaxt Bakımızda tikilib ərsəyə gətirilən "Dövlət Bayrağı meydanı"nda dalğalanır...Bayraqlar içində ucada duran həmin üç rəngli bayrağımız indi "Ginnesin Rekordlar Kitabı"nda öz layiqli yerini tutub.Biz də Carçıfilm olaraq,fəxrlə baxıb qürur duyduğumuz bayrağımızın şərəfinə "Dövlət bayrağı meydanı" adlı film ərsəyə gətirmişik.Heydər Əliyev Mərkəzindən bəhs edən "Zirvəyə ucalan imza" filmi də ilk dəfə İctimai televiziyada çəkilib.

Azərbaycan tarixinə, o cümlədən, ölkənin tarixi yerlərinə həsr olunan,yeni sənədli filmlərimiz silsiləsindən - "Bakı vaxtilə","Danışan tarix", "Oğuz yurdu", həmçinin Bakı kəndlərindən bəhs edən filmlər, Azərbaycanı sənətkarlar diyarı kimi təsdiqləyən layihələrimizdən - "Göygöl sənətkarlıq paytaxtı", "Sənətkar ömrü" və bir çox belə telefilmlərimizin də geniş tamaşaçı rəğbətini qazandığını bu gün bizə gələn tamaşaçı məktublarından görürük.

Özünün tolerantlığı ilə dünyaya sözün əsl mənasında nümunə olan ölkəmizdə yaşayan azsaylı xalqların,etnik qruplarımızın mehriban, qardaşlıq şəraitində birgəyaşayışının təbliğinə həsr olunan "Bizim ellər" layihəsini xüsusi qeyd etmək istəyirəm. Çünki böyük fəxr hissi ilə deməliyəm ki,bu layihəmizlə olduqca böyük bir məsuliyyəti olan,müqəddəs bir işi üzərimizə götürmüşük. "Bizim ellər" layihəsi əsas məqsəd və qayəsilə ölkəmizdəki azsaylı xalqların ,etnik qrupların-dilinin,dininin,hər birinin özünəməxsus tarixi keçmişinin, adət-ənənəsinin, o cümlədən, bütün ailə-məişət həyatlarının təbliği ilə yanaşı, həm də,dilindən,dinindən aslı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının bərabər hüquqlu olmasının, onlara göstərilən xüsusi dövlət qayğısının çarçısıdır, desəm yanılmaram.

- İTV xalqa ictimai, söz və nümayiş mədəniyyətininən yaxşı nümunələrini təqdim edə bilib. Bununla maarifçilik ideyalarını tam şəkildə insanlara çatdırıldığını demək olar?

- Çoxmillətlilik baxımından dünyaya örnək olan Azərbaycan folklor dünyasının bariz nümunələri - "Zaqatala folklor paytaxtı", "Qarabağ folkloru", "Halay" və adını çəkmədiyim digər filmlərimizdə nümayiş olunub."Carçıfilm"in Folklor İnstitutu ilə birlikdə ərsəyə gətirdiyi "El sənəti" layihəsi maarifləndirici proqram kimi mühüm əhəmiyyət kəsb edir. El sənətindən, bu sənətlə məşğul olan insanlardan bəhs edən həmin veriliş bir növ keçmişdən gələcəyə körpü rolunu oynayır və qədim Azərbaycan türkünün inancını, düşüncə tərzini, mifoloji təfəkkürünü, tarixi yaddaşını ayrı-ayrı sənət əsərlərinin diliylə özündə ehtiva edir. Bu mənada "Dəyirman nağılı" və "Azərbaycan mayakları" filmi də əməkdaşlarımızın uğurlu axtarışının nəticəsidir. Bu il Bakıda keçirilən Yay Avropa oyunlarına həsr olunmuş bir sıra filmlərimiz – "Atəşgah", "Alovlan, doğma məşəlim" və başqaları doğma Azərbaycanımızın yeni bir tarix yazmasından və ölkəmizdə möhtəşəm keçirilməsindən xəbər verir. Yaradıcı şərait olmayan yerdə, yaxşı, keyfiyyətli işdən, hər hansı yenilikdən söhbət gedə bilməz.Ümumiyyətlə, İctimai televiziyanın bütün yaradıcı heyəti kimi,bu gün biz də, Carçıfilim yaradıcılıq birliyi olaraq şirkət heyətinə yaradılan işgüzar şəraitdən istifadə edərək, öz yerimizi daha da möhkəmləndirir və yaradıcılıq baxımından hər istəyimizə nail olmağa çalışırıq.

Görülən işlərlə yanaşı, nəzərdə tutulan bir çox yeni layihələr də bizi gözləyir. Belə ki,"Balaban", "Qarabağ bülbülləri", "Azərbaycan gölləri" və "Əshabi–kəhf" televiziya filmlərini ilin axırınadək yekunlaşdırmağı nəzərdə tutmuşuq. Televiziya işi, yeri gələndə əsəbləri tarım çəkən bir sahə olsa da, eyni zamanda,maraqlı və adama yüksək dərəcədə zövq verən bir sahədir. Hesab edirəm ki, bu sahədə, yaradıcılıq əzablarına qatlaşmağa iradəsi, iqtidarı olan insanların çalışması lazımdır və belə də olmasını arzulayıram.Fəxrlə deyə bilərəm ki, 10 illiyini qeyd etdiyimiz İctimai televiziya ümummilli ahəng üstündə köklənib. Bu qurum milli- mənəvi dəyərlərimizin qorunmasında, azərbaycançılıq ideyasının təbliğ edilməsində, dilimizin, mədəniyyətimizin, ölkəmizlə bağlı tarixi həqiqətlərin yayılmasında mühüm rol oynayır və yeni-yeni töhfələr verir.

İntizara Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə