Eyyub Hüseynov: "Dərmanların qiyməti qalxacaq"

Eyyub Hüseynov: "Dərmanların qiyməti qalxacaq"

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun iştirakı ilə mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda E.Hüseynov cəmiyyəti narahat edən şadlıq sarayında baş verən kütləvi zəhərlənmələrə, dərman preparatlarının baha olmasına, məktəbli formalarının tam standartlara uyğun olmadığına, saxta kitablar nəşr edildiyi kimi məsələlərə toxunub. Diqqətə çatdırıb ki, bu cür nöqsanların aradan qaldırılması üçün ilk öncə müstəqil araşdırmalar aparılmalıdır.

Son günlər restoranlarda baş verən kütləvi zəhərlənmədən danışan Eyyub Hüseynov diqqətə çatdırıb ki, hələ də bu cür zəhərlənmələrin səbəbi məlum deyil: "Təəssüf ki, zərər çəkən istehlakçıya heç bir kompensasiya ödənilmir və müəssisəyə cərimələr tətbiq edilmir. Bu da çox təhlükəli bir vəziyyətdir. Nə qədər ki, müstəqil araşdırmalar yoxdur biz insanların həyatı təhlükədə olacaq".

Eyyub Hüseynov 6 aydan sonra dərman preparatlarının qiymətinin qalxacağını söyləyib. Bildirib ki, liberal bazar öz işini görəcək: "Tələb və təklif olduğu yerdə alverçilər meydana çıxacaq. Hesab edirəm ki, dövlət orqanları ardıcıl surətdə qəbul etdikləri qərarların üzərində yenə də çalışsınlar. Ciddi məsələlərdən biri dərman distribüterlərininbu vaxta kimi külli miqdarda alınmış dərmanların anbarlarda qalmasıdır. Hansı ki, onlar yüksək qiymətə alıblar və artıq xaricə pul ödəyiblər. Ümid edirəm dövlət bununla bağlı qərar verəcək. Onu da deyim ki, bəzən bizə şikayətlər daxil olur ki, dövlət tərəfindən pulsuz verilən dərmanlar həkimlər tərəfindən xəstələrə pulla satılır. Bu zaman biz bu işlərə nəzarət edən ayrı-ayrı QHT-lərə müraciət edirik".

Qeyd edək ki, konfrans jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə