“Sonsuz Dəhliz” Milanda

Müstəqil litvalı rejissor Aleksandras Brokasın rejissoru olduğu "Endless Corridor" (Sonsuz Dəhliz) sənədli filmi daha üç beynəlxalq nominasiyaya layiq görülüb. Film rəsmi olaraq bu ilin noyabr ayında İtaliyanın Milan şəhərində keçiriləcək "Milan IFF 2015" kino festivalında nümayiş üçün seçilib. Bu nüfuzlu Milan festivalında dünyanın müxtəlif ölkələrindən peşəkar kinematoqrafçılar bir araya gələcək.

Hazırda davam edən "Milan Expo 2015" universal beynəlxalq sərgiyə görə Milanda böyük izdiham var və bu şəhər Avropanın nüfuzlu işgüzar şəhəri kimi ad çıxarıb. Film yaradıcılarının fikrincə, "Sonsuz Dəhliz" filminin Milanda təbliği və nümayiş etdirilməsi üçün yaxşı imkandır.

"Sonsuz Dəhliz" filmi "Milan IFF 2015" kino festivalında aşağıdakı nominasiyalarda iştirak edəcək: "Ən yaxşı qısametrajlı sənədli film", "Sənədli filmdə ən yaxşı kinematoqrafiya" və "Ən yaxşı montaj olunmuş sənədli film".

Xatırladaq ki, Xocalı faciəsi haqqında bəhs edən "Sonsuz Dəhliz" filmi bu il ərzində beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən "Accolade Qlobal Film Competition" müsabiqəsində "Best of Show" mükafatını aldıqdan sonra bu film daha iki nüfuzlu mükafata layiq görülüb.

Belə ki, iyulun 10-da Madrid Tenerife Beynəlxalq Film Festivalları "Sonsuz Dəhliz" filmini "Ən Yaxşı Sənədli Film" və Aleksandras Brokası "Ən Yaxşı Sənədli Film Rejissoru" nominasiyası üzrə qalib elan edib.

Filmin beynəlxalq uğuruna sevinən Aleksandras Brokas bu münasibətlə deyib: "Bu mükafatları almaq mənim üçün böyük şərəfdir. Mənimlə birgə çalışan yaradıcı komandaya və faciəvi hekayələrini mənimlə bölüşən Xocalı sakinlərinə təşəkkürümü bildirirəm. "Sonsuz Dəhliz" filminə bu cür böyük beynəlxalq diqqətin olması onu göstərir ki, filmdə nəql edilən hekayələr heç bir insanı biganə qoya bilməz. Tarixin ağrılı dərsləri nəhayət, öyrənilməli, ondan ibrət dərsi götürülməli və Xocalı faciəsi heç vaxt təkrarlanmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə