Bu gün beynəlxalq aləmdə islamofobiyanın açıq şəkildə özünü göstərməsi bir çox islam ölkəsi tərəfindən narahatçılıqla qəbul edilib. Bu məsələnin Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir etdiyini siyasi xadimlərin fikri ilə müəyyənləşdirdik. SİA sizə ekspertlərin rəylərini təqdim edir:

Milli Məclis deputatı Aydın Mirzəzadə: "Dağlıq Qarabağ probleminin həllində bir çox faktorlar var. Əsas faktor Ermənistanın Azərbaycana qarşı torpaq iddiasıdır. Əgər Ermənistan xarici qüvvələrdən dəstək almasaydı, bu işğalı heç vaxt gerçəkləşdirə bilməzdi. Çox təəssüf ki, burada islamofobiyanın özünü açıq-aşkar büruzə verir. Bu gün bir çox hallarda xarici qüvvələr Azərbaycanın Dağlıq Qarabağ məsələsi ilə bağlı tutduğu mövqeyi demokratik bir dövlətin tutduğu mövqe kimi deyil, daha çox bir müsəlman dövlət kimi qiymətləndirirlər. Bu yolverilməzdir. Azərbaycan sivil, demokratik və tolerant bir dövlətdir. Bu gün Azərbaycan daxilində 30 minə yaxın erməni əsilli vətəndaş yaşayır. Multikulturalizm Azərbaycanın daxili siyasətində əsas faktorlardan biridir. Hesab edirəm ki, irticaçı qüvvələr, o cümlədən islamofobiya qüvvələrinin bütün səylərinə baxmayaraq Dağlıq Qarabağ problemini həll edə biləcək".

Milli Məclis deputatı Çingiz Qənizadə: "Təbii ki, bu məsələdə islamofobiya özünü açıq-aşkar büruzə verir. Prezident İlham Əliyev bu məsələni öz çıxışlarında tez-tez dilə gətirir. Azərbaycan tolerant ölkədir və burada irqi, dini ayrı-seçkiliyə yol verilmir. Azərbaycan Avropa Şurasının üzvüdür, Avropa dövlətləri və ABŞ ilə normal münasibətlər sahibdir. Bizə qarşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı yanaşma mövcud deyil. Bu prizmadan çıxış edən təşkilatlar, dövlətlər hesab edirəm ki, səhv yoldadırlar. Fikir verin, Ukrayna münaqişəsinə dərhal müdaxilə edən Qərb Dağlıq Qarabağ məsələsinə çox laqeyd yanaşır. Bir dövlətin digər dövlətin ərazisini işğal etmə faktına göz yumurlar. İşğal faktı olduğunu qeyd edirlər, lakin heç bir addım atmırlar. Və zaman gələcək bu yanaşma ilə çalışan, beynəlxalq hüquq normalarına arxa çevirən dövlətlər bu problemləri öz dövlətlərində də yaşamalı olacaqlar. Çünki tarix daima təkrar olur".

Politoloq Rüstəm Məmmədov: "Əslinə qalsa bəli, Dağlıq Qarabağ məsələsinin bu günə qədər həll olunmamasının əsas səbəblərindən biri də islamofobiyadır. Bu gün islamofobiya Ermənistanı müdafiə edən qüvvələrin əlində demək olar ki, bayrağa çevrilib. İslam ölkələrinin isə bu dəqiqə öz problemlərinə başı o qədər qarışıb ki, digər problemlərə heç nəzər də sala bilmirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB