Azərbaycanın dilbər guşələrindən olan Füzuli rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, insanları doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657 nəfəri şəhid olub, 181 nəfər itkin düşüb, 1341 nəfər sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1994-cü ilin yanvarında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunub. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri işğal altındadır. Rayon əhalisinin 67 min nəfəri işğaldan azad edilmiş ərazidə, 55 min nəfəri isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və digər rayonlarda məskunlaşıb.
Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli rayonu təbii sərvətlərlə zəngin məkandır. Ərazidə ümumi ehtiyatları 58.858 min kubmetr olan əhəngdaşı, 11.211 min kubmetr gil, 13.053 min kubmetr qum-çınqıl qarışığı yataqları var. Yaşı 200 ildən 1400 ilə qədər olan 11 Şərq çinarı işğala qədər təbiət abidəsi kimi mühafizə olunurdu.
Füzuli rayonu tarixi, mədəniyyət və memarlıq abidələri - mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib.
1996-cı ildən etibarən rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Son 12 ildə Prezident İlham Əliyev Füzuliyə beş dəfə səfər edib, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair beş Sərəncam imzalayıb. Bu dövrdə məcburi köçkünlər üçün rayon ərazisində 16 qəsəbə salınıb, işğalçılar tərəfindən yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri bərpa olunub. Rayonda Müalicə-Diaqnostika Mərkəzi, su elektrik stansiyası, 24 məktəb tikilib, 2180 şagird yerlik 12 məktəb binası əsaslı təmir edilib. Əhmədbəyli-Alxanlı-Zobucuq, həmçinin Bala Bəhmənli-Araz Dilağarda-Araz Zərgər avtomobil yolları yenidən qurulub. Əhmədbəyli kəndində soyuducu anbar kompleksi, Qarabağ kəndində "Qarabağ broyler" quşçuluq müəssisəsi yaradılıb.
Horadizdə işğal zamanı yandırılmış və dağıdılmış 6 küçə yenidən qurulub, 227 ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilib. Heydər Əliyev Mərkəzi, Heydər Parkı, Muğam Mərkəzi, Gənclər Mərkəzi, Olimpiya İdman Kompleksi, rayon icra hakimiyyəti, polis və təhsil şöbələri, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün inzibati binalar, Bayraq Meydanı, müasir uşaq bağçası, tarix-diyarşünaslıq muzeyi, tikiş fabriki tikilib istifadəyə verilib, mədəniyyət sarayı, şahmat məktəbi, dəmir yolunun Horadiz stansiyası yenidən qurulub. Horadiz qəsəbəsinə şəhər statusu verilib.
Hazırda Horadiz şəhərində rayon statistika idarəsi, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti və kənd təsərrüfatı idarəsi üçün inzibati binaların tikintisi davam etdirilir. Bala Bəhmənli və Əhmədbəyli kəndlərində uşaq bağçaları, gimnaziya inşa edilir. Dövlətimizin başçısının Sərəncamı ilə sayı 11-ə çatan "Qayıdış" qəsəbələrini birləşdirən 23 kilometr yolun tikintisi aparılır.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində Füzuli rayonunun makroiqtisadi göstəriciləri yüksəlməkdə davam edir. Son 12 ildə ümumi məhsul istehsalı 3,6 dəfə, sənaye məhsulu istehsalı 7,9 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,6 dəfə artıb. Bu dövrdə 2807 fərdi sahibkar fəaliyyətə başlayıb, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən 279 sahibkara 12,2 milyon manat məbləğində güzəştli kredit verilib.
Bu gün düşmənlə təmas xəttinin bir neçə addımlığında yaşayan, işləyən və mübarizə aparan Füzuli sakinləri doğma rayonun inkişafı üçün var qüvvələrini səfərbər ediblər. Horadiz şəhərində, kənd və qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri rayonun simasını büsbütün dəyişib. İndi bu yerlərə yolu düşən hər kəs müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-sahmanın şahidi olur.
Füzulililər inanırlar ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB