Fövqəladə hallarda özünü necə aparmalı

Fövqəladə hallarda özünü necə aparmalı

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə 24 nömrəli birləşmiş şəhər xəstəxanasında "Fövqəladə hallarda özünü necə aparmalı" mövzusunda maarifləndirmə tədbiri keçirib.

FHN-dən bildiriblər ki, Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşlarının iştirak etdikləri tədbirin keçirilməsində məqsəd xəstəxana kollektivinin sülh və müharibə dövrlərindəki fövqəladə hadisələrdən mühafizə üsulları, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə fəaliyyət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.

Tədbir nəzəri və praktik olmaqla iki hissədə keçirilib. Nəzəri hissə çərçivəsində Bakı Regional Mərkəzinin əməkdaşları "Fövqəladə halların təsnifatı", "Kollektiv mühafizə qurğuları", "Təbii fövqəladə hallar zamanı nə etməli?", "Yanğın və nəqliyyat qəzaları zamanı nə etməli?", "Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?", "Məişətdə qazdan təhlükəsiz istifadə qaydaları" mövzularında çıxışlar ediblər.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və strukturu, yanğın təhlükəsizliyi barədə videoçarxlar nümayiş olunub.

Praktik hissədə Fövqəladə Hallar Nazirliyinin qurumlarının xilasetmə texnika və avadanlığı nümayiş olunub. "Sprinter" ("Mercedes BENZ") markalı xüsusi təyinatlı avtomobil, onun təchiz olunduğu spesifik alət və avadanlıq, akvalanq, xilasetmə və üzmə vasitələri, xüsusi riskli axtarış, qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlıq, yanğınsöndürmə texnika və vasitələrinin təyinatı, ondan istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə