Seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib

Seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib

Bu gün Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün müşavirə keçirilib. SİA-nın məlumatına görə, müşavirə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təstiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın seçki komissiyalarına aid olan hissədə icrasına həsr olunub. Müşavirədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərov, Baş prokurorun birinci müavin Rüstəm Usubov, Daxili işlər nazirinin müavini Oruc Zalov və digər rəsmilər iştirak edib.

Tədbirdə çıxış edən Müşavirədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov artıq seçkilərə hazırlıqla bağlı bu gündən etibarən dairə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin keçirilməsinə başlanıldığını bildirib. O qeyd edib ki, Avqustun sonundan etibarən Parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək: "Seçkilərə hazırlıqla bağlı artıq bu gündən etibarən dairə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışıq. Bundan sonra isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək. Bu ayın sonuna doğru ölkəmizdə növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək".

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev çıxışı zamanı qey edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən seçkilərdə şəffaflıq təmin edilməlidir. Ölkə başçısının istəyi yalnız bundan ibarətdir. Zeynal Nağdəliyev qeyd edib ki, seçkilərdə şəffaflığın təmin edilməsi üçün seçki komissiyalarına hər cür şərait yaradılıb: "Həmçinin insanların sərbəst şəkildə səs vermələri üçün bütün tədbirlər görülüb. Amma əlavə zəruri tədbirlərin də həyata keçirilməsinə artıq başlanılıb".

Prezident Adminstrasiyasının rəsmisi həmçinin onu da əlavə edib ki, seçkilərlə bağlı dairə seçki komissiyalarının sədrlərinin böyük təcrübəsi var.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan parlament seçkilərini ən yüksək səviyyədə keçirməklə dünyaya nümunə göstərməlidir. Bütün seçki komissiyalarının üzvləri, o cümlədən də dairə seçki komissiyalarının sədrləri seçki hüququnu, norma və prinsipləri dərindən mənimsəməlidirlər. Bu, olduqca vacib məsələdir: "Qətiyyən heç kim arxayınlıq nümayiş etdirməməlidir. Hər gün bu məsələyə diqqət yetirilməlidir. Seçki Məcəlləsinin tələblərini elə mənimsəməliyik ki, seçkilər zamanı heç bir problem yaranmasın".

Daxili işlər nazirinin müavini Oruc Zalov çıxışı zamanı qeyd edib ki, polis orqanları Azərbaycan qanunları çərçivəsində seçkilərin pozulmasına yönəlmiş bütün addımların qarşısını almağa hazırdır. Parlament seçkiləri ilə bağlı təhlükəsizliyin təmin edilməsi məqsədilə xüsusi tədbilər planı hazırlanıb: "Milli Məclisə seçkilərə hazırlıq dövründə baş verə biləcək qanun pozuntularının qarşısının alınması, seçkilərin müvafiq qanunların tələblərinə uyğun təhlükəsiz və demokratik şəraitdə keçirilməsi və bu məsələ ilə əlaqədar orqanların üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinin təmin olunması məqsədilə xüsusi tədbirlər planı hazırlanıb və bu, icra üçün yerli orqanlara yönəldiləcək".

Tədbirin davamında digər rəsmilərin çıxışları dinlənilib. Parlament seçkilərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə