Dövlət qulluğuna müsabiqə başa çatdı

Dövlət qulluğuna müsabiqə başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 31 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 211 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə başa çatıb. Komissiyadan SİA-ya verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 844-ü qadın namizəd olmaqla 2850 namizəd qeydə alınmışdır. Qeydə alınmış 2850 namizədin 75,72%-ni gənclər təşkil etmişdir.

Müsabiqənin test imtahanı mərhələsi 2015-ci il 22 may – 2015-ci il 11 iyun tarixlərdə keçirilmişdir. Namizədlərdən 999 nəfəri (bütün namizədlərin 35,05%-i) test imtahanında iştirak etməmişdir. Test imtahanı mərhələsində iştirak edən 1851 namizədin hər birinə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilmiş, eyni zamanda nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilmişdir.

Test imtahanında 548 nəfər (bütün namizədlərin 19,23%-i) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur.

Onlardan:

- 181 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;

- 246 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır;

- 121 nəfəri 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır.

Müsabiqənin müsahibə mərhələsi 2015-ci il 22 iyun – 2015-ci il 6 avqust tarixlərdə keçirilmişdir. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 434 namizəddən 35 nəfəri müsahibə mərhələsində iştirak etməmişdir. Müsahibədə iştirak etmiş namizədlərdən 119 nəfəri vəzifəyə uyğun hesab edilmişdir. Müsahibələrin nəticələri üzrə ümumilikdə 21 apellyasiya şikayəti olmuşdur. Bunlardan 19-u təmin olunmamışdır. 2 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilmişdir. Keçirilmiş yeni müsahibələr nəticəsində 1 namizəd vəzifəyə uyğun hesab edilmişdir.

Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilmişdir. Artıq onlardan 25 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunmuşdur. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə