Xədicə İsmayılova məhkəmədə fakt qarşısında qaldı

Əvəzində əsassız yerə səs-küy salmağa, qeyri-etik davranışlara yol verib
Xədicə İsmayılova məhkəmədə fakt qarşısında qaldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 125-ci maddələri ilə təqsirləndirilən Xədicə İsmayılovanın işi üzrə məhkəmənin baxış iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, məhkəmə hakimlər Ramella Allahverdiyeva (sədrlik edən), Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət tərkibdə, dövlət ittihamçısı Ramazan Hadıyevin iştirakı ilə baş tutub.

Prosesdə təqsirləndirilən şəxs Xədicə İsmayılovanın müdafiəçiləri Fariz Namazlı, Fəxrəddin Mehdiyev, Cavad Cavadov, zərərçəkmiş şəxs Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov iştirak ediblər.

Məhkəmə iclasında Bakı Vergi Departamentinin Xüsusi qərarlara əsaslanan audit şöbəsinin dövlət vergi müfəttişi İmran Nurməmmədovun dindirilməsi başa catıb, bundan sonra, həmin şöbənin dövlət vergi müfəttişi Elçin Əliyev şahid qismində dindirilib və o, tərəflərin suallarına cavab verib. Hər iki şahid ətraflı ifadə verərək tərtib etdikləri "Aralıq aktı"nda göstərdikləri qanun pozuntularını bir daha təsdiq ediblər.

Təqsirləndirilən şəxs Xədicə İsmayılova və onun müdafiəçiləri vəsatətlər verərək Azərbaycan Respublikası Vergilər Məcəlləsinin tələblərinə zidd olaraq hazırlandığına görə "Aralıq aktı"nın və həmin akt əsasında keçirildiyi üçün məhkəmə mühasibatlıq ekspertizasının rəyinin yolverilməz sübutlar kimi sübutlar siyahısından çıxarılmasını və ayrı-ayrı təşkilatlara dövlət tərəfindən müxtəlif münasibət göstərilməsini təsdiq etmək məqsədi ilə "ANS" şirkətlər qrupunda Vergilər Nazirliyi tərəfindən keçirilmiş yoxlama nəticəsində aşkar olunmuş qanun pozuntularını özündə əks etdirən yoxlama aktının sübut kimi cinayət işinə əlavə edilməsini xahiş edib. Dövlət ittihamçısı "Aralıq aktı"nın və məhkəmə mühasibatlıq ekspertizasının rəyinin dəqiq və qanunvericiliyin tələblərinə tam uyğun şəkildə tərtib edilməsini göstərib. Eyni zamanda həmin vəsatətin, habelə hazırkı cinayət işi ilə heç bir əlaqəsi olmadığı üçün digər vəsatətin əsassız olmaları ilə əlaqədar təmin edilməsinin rədd edilməsini məhkəməyə təklif edib. Məhkəmənin qərarı ilə vəsatətlər təmin edilmədən rədd edilib.

Dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə istintaqı tamamlanıb, yekun nitqlə çıxış etməsi üçün dövlət ittihamçısına söz verilib. Dövlət ittihamçısı yekun nitqinə hazırlaşması üçün 21 avqust 2015-ci il tarixə kimi vaxt istəyib, dövlət ittihamçısına vaxt verilməklə məhkəmə iclasında 21 avqust 2015-ci il, saat 11.00-ə qədər fasilə elan edilib.

Proses zamanı Xədicə İsmayılova qeyri-etik davranışlara yol verərək ittihamın mahiyyətinə uyğun olmayan məsələlərə dair fikir bildirmək istəyib. Bu zaman dövlət ittihamçısı tərəfindən məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etiraz bildirilib. Məhkəmə tərəfindən Xədicə İsmayılovaya xəbərdarlıq elan edilməklə onun həmin davranışlarının qarşısı alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə