Şirvanlılara ağır itki üz verdi FOTOLAR

Şirvanlılara ağır itki üz verdi FOTOLAR

Şirvan (keçmiş Əli Bayramlı - müəllif) şəhər sakinlərinin sevimlisi, el ağsaqqalı, hər kəsin hörmət etdiyi 78 yaşlı Hacı Abdulhəsən Məhəmmədyar oğlu Səlhəngov 2 aya yaxın çəkən xəstəlikdən sonra dünən gecə saatlarında vəfat edib. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, Hacı Abdulhəsən kişi Şirvan (keçmiş Əli Bayramlı) şəhərində, eyni zamanda ətraf rayonlarda ilk növbədə İslam dinin ayinlərinin, ehkamlarının təbliği və tədrisində, milli mənəvi, əxlaqi dəyərlərin qorunub saxlanılmasında, gənclərin valideyinlərinə, yaşlı nəslin nümayəndələrinə sayqı ilə yanaşılmasında, insanların arasında sülhün, barışığın, əmin-amanlığın yaradılmasında səylər göstərmiş, eyni zamanda ömrünü bu işə sərf etmişdir. Xeyirxah əməlləri ilə yaddaşlarda əbədi iz salan Hacı Abdulhəsən kişi 1990-cı ilin əvvəllərində Dağlıq Qarabağda Vətən uğurunda gedən döyüşlərdə şəhid olan Əli Bayramlı övladlarının dəfinin bilavasitə təşkilatçısı olmuşdur. Hər evdə sevilən bu insan xoş əməlləri ilə özünə dərin inam və hörmət qazanmışdır. Ona görə də Şirvan sakinlərini Hacı Abdulhəsən kişinin vəfatı çox sarsıtdı və üzdü. Acı xəbəri eşidən sakinlər Hacı Abdulhəsən kişinin vida və dəfn mərasimində iştirak etməyə və hallaşmağa axışırdılar.

Şirvan küçələrində dəfn törəninə qatılan insan axını dəyərli ağsaqqala hörmət və ehtiramların nümayişi idi. Şirvan şəhər ictimaiyyəti, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, əhalinin bütün təbəqələrinin təmsilçiləri, ətraf rayonların sakinləri vida və dəfin törənində iştirak edirdilər. Şərəfli həyat yaşayan insanın əbədiyyətə şərəfli yola salınması Hacı Abdulhəsən kişinin timsalında bir örnək, nümunə oldu.

Yaxınlarına və doğmalarına, eləcə də Şirvan sakinlərinə başınız sağ olsun deyib, mərhumun ruhuna Allahdan rəhmət diləyirik.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə