Xəbər verdiyimiz kimi, səyyar "ASAN xidmət" avqustun 5-dən Xaçmaz rayonunda fəaliyyət göstərir. Xaçmaz və Şabran rayonlarının 230 minə yaxın sakini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.
Son 10 gün ərzində iki rayonun 1500 nəfərə yaxın sakini göstərilən xidmətlərdən faydalanıblar. Vətəndaşlar "ASAN xidmət"ə daha çox notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı müraciət ediblər.
Xaçmaz səyyar "ASAN xidmət"in qrup rəhbəri Habil Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, Xaçmaz və Şabran sakinləri avqustun 20-dək səyyar xidmətlərdən yararlana bilərlər. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, habelə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Xidmətlərdən yararlanmaq istəyən vətəndaşlar avqustun 20-dək saat 9-dan 18-dək Xaçmaz Rayon İcra Hakimiyyətinin inzibati binası yaxınlığında fəaliyyət göstərən xidmət əməkdaşlarına müraciət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB