Quduzluq xəstəliyinə görə respublikada vəziyyət sabitdir

Quduzluq xəstəliyinə görə respublikada vəziyyət sabitdir

"Bu ilin 7 ayı ərzində 248 179 baş sahibli həyət itində peyvəndləmə tədbiri aparılıb və quduzluq xəstəliyini aşkar etmək üçün 28 nümunənin laboratoriya müayinəsi aparılıb. Nümunələrin 4-ü yararsız, 24-ü isə müsbət olub, yəni xəstəlik törədicisi aşkar edilib". Kənd Təsərrüfatı Nazirliyinin yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, xəstəlik törədicisi aşkar olunan nümunələrin göndərildiyi ərazilərdə lazımi profilaktik tədbirlər həyata keçirilərək vaxtında xəstəliyin yayılmasının qarşısı alınıb.

Məlumatda deyilir ki, hazırda ölkədə quduzluqla əlaqədar aparılan tədbirlər yalnız sahibli həyət itlərini əhatə etmir: "Eləcə də bu tədbir təbiətdə olan quduzluğa həssas vəhşi və sahibsiz heyvanlar arasında aparılır. Kənd təsərrüfatı naziri Heydər Əsədov köməkliyi ilə Belarusdan 50 min doza miqdarında oral peyvənd alınıb. Martın 16-dan başlayaraq ölkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında oral peyvəndləmə tədbirinə başlanılıb. Pilot layihə olaraq peyvəndləmə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının meşə və meşəətrafı ərazilərində, eləcə də Abşeron yarımadası və Bakı ətrafı ərazilərdə aparılıb. Quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb".

Qeyd olunub ki, ölkədə heyvanlar arasında müşahidə olunan quduzluq xəstəliyinin əksəriyyəti birbaşa vəhşi heyvanlar vasitəsilə yayılır: "Dövlət Xidməti yaradılmış imkanlardan səmərəli istifadə edərək peyvəndləmə tədbirini yüksək peşəkarlıqla yerinə yetirib. Hazırda quduzluq xəstəliyinə görə respublikamızda epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Quduzluğa görə narahatlıq olsa da, bu xəstəliyi nəzarətdə saxlamaq üçün Dövlət Baytarlıq Nəzarəti Xidməti epizootiya əleyhinə tədbirlər planına uyğun olaraq həssas heyvanlar arasında vaksinasiya tədbirlərini həyata keçirir".

Bütün xəbərlər Facebook səhifəmizdə