12 avqust Beynəlxalq Gənclər günüdür. SİA-nın xəbərinə görə, bu gün BMT-nin qərarı ilə gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədilə müəyyən edilib və 2000-ci ildən etibarən bütün dünyada qeyd edilməkdədir.
Amma Azərbaycanda gənclər gününün tarixi bir neçə il öncəyə təsadüf edir. Azərbaycan dövləti bir çox sahədə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi, beş dövlət Proqramının qəbulu Ulu Öndər Heydər Əliyevin gənclərlə böyük qayğısının sübutu idi.
Dünyada isə bundan xeyli sonra gənclərin işləri üzrə nazirlərin Ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib. Bu da onu deməyə əsas verir ki, Azərbaycan dövləti öz gəncinin, gəncliyinin qayğısına hər zaman qalıb və gənclər siyasətini özünün prioritet sahələrindən biri kimi qəbul edir. Gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub. Bu gün tam əminliklə söyləyə bilərik ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapıb. Azərbaycan gəncinin səsi, uğurlu imzası bu gün istər beynəlxalq idman arenalarından, istər bilik yarışlarından, olimpiadalardan eşidilməkdədir. Azərbaycan gəncliyi öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməkdədir.
Bu gün qürurla demək olar ki, milli- mənəvi dəyərlərimizi göz bəbəyi kimi qoruyub yaşadan müasir Azərbaycan gəncləri, həm də müstəqil dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını nümayiş etdirirlər.
Bayramınız mübarək əziz gənclər!
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB