Əflatun Amaşov: “Mətbuatımız milli maraqlar baxımından vahid cəbhədə toplaşmağı bacarır”

Əflatun Amaşov: “Mətbuatımız milli maraqlar baxımından vahid cəbhədə toplaşmağı bacarır”
"Mətbuatımızda təbii olaraq Dağlıq Qarabağ problemi ilə bağlı yazılara geniş yer verilir. Lakin bu yazıların bəziləri həqiqəti əks etdirmir. Qarşımıza çıxan "Qarabağ azad olur" manşetli yazılar çox vaxt bizi yanıldır. Bəzən də insanlar arasında çaşqınlıq və narazılıq yaradan materiallar yayımlanır". Bu haqda və eyni zamanda dezinformasiyaların yaranma səbəbi, məqsədi haqda danışan həmsöhbətimiz - Mətbuata Şurasının sədri Əflatun Amaşov bu informasiyaların yaranma səbəbini belə izah etdi:

"Son bir-neçə ildə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən olaylarla bağlı mütəmadi olaraq ölkə ictimaiyyətində və beynəlxalq aləmdə müxtəlif məlumatlar yayılırdı. Ötən ilin yayında baş verən olaylar kifayət qədər narahatçılığa səbəb olmuşdu. Həmin müddətdə bir sıra kütləvi informasiya vasitələri yalançı mənbələrə əsaslanaraq həqiqəti əks etdirməyən məlumatlar yayırdılar. Bu məlumatların əksəriyyəti əsasən erməni mətbuatına istinad olunurdu. Müxtəlif beynəlxalq xəbər agentliklərində və yerli mətbuatda işıq üzü görmüş bu materiallar təbii ki, Azərbaycan dövlətinin yürütdüyü siyasətə, xalqımızın maraqlarına zidd idi. Və bu məsələ ölkə ictimaiyyətində kifayət qədər çaşqınlığa və narazılığa səbəb olmuşdu.

Həmin hadisələrdən sonra bir sıra kiçik tədbirlər keçirildi. Akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə Kütləvi İnformasiya Vasitələri rəhbərlərinin iştirakı ilə görüş keçirildi. Həmin görüşdə bu problemlər bir daha gündəmə gətirildi və çıxış yolları göstərildi. Keçən ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ayrı-ayrı qurumlara tapşırıqlar verildi. Məsələ ilə bağlı müxtəlif vaxtlarda monitorinqlər aparıldı.Nəticədə kifayət qədər irəliləmələr nəzərə çarpdı.

Bu yaxınlarda isə Gədəbəy rayonunda ermənilərlə təmas xəttində baş verən hadisələrlə bağlı bəzi KİV-lər yenidən həqiqətə uyğun olmayan yazılar yazıldı. Əslində qonşu dövlət ilə müharibə şəraitində olan ölkələr üçün bu vəziyyət birmənalıdır. Yəni belə xəbərlərin yayılması təbii bir haldır.

Əgər söhbət müharibədən gedirsə, təmas xəttində atışma halları baş verirsə iki əsas baş qurum istinad nöqtəsi olmalıdır. Bu iki əsas istinad nöqtəsindən ilki Müdafiə Nazirliyi, ikincisi isə müvafiq məsələ üzrə mətbuat xidmətidir. Bu sayaq məsələləri əsasən birmənalı qaydada Müdafiə Nazirliyinin mətbuat xidmətindən dəqiqləşdirməyi vacib bilirik".

Beynəlxalq xəbər agentliklərinin və xüsusilə də erməni mətbuatının Azərbaycan haqda yaydıqları yalan informasiyaların nəyə xidmət etdiyindən də danışan Əflatun Amaşov bu məsələni bilavasitə olaraq Azərbaycanın bölgədəki nüfuzu ilə bağladı:

"Azərbaycan regionda sözünü demiş əsas dövlətlərindən biridir. Və Azərbaycanın çox böyük problemləri var. Torpaqların 20 faizi düşmən tərəfindən zəbt olunub, bir milyona yaxın qaçqınımız var. Azərbaycan bu məsələni sülh yolu ilə həll etməyi daha üstün tutur. Lakin problem sülh yolu ilə alınmasa müharibə yoluna üz tutacağımız haqda ölkə daxilində tez-tez bəyanatlar verilir. Məhz bu məsələ erməni tərəfini ciddi narahat edir. Erməni havadarları olan beynəlxalq qurumları və bəzi ölkələri bu məsələ çox narahat edir. Bur cür qeyri-dəqiq məlumatlar bəzi məqamlarda bizim informasiya vasitələrinə sızdırırlar. Məqsəd isə əhalidə çaşqınlıq yaratmaq, Azərbaycanda cəmiyyəti və rəhbərliyi arasında ciddi, sosial-ictimai, normal münasibəti sarsıtmaqdan ibarətdir. Onlar Azərbaycandan Dağlıq Qarabağ məsələsi ilə bağlı güzəşt qoparmağa çalışırlar. Bu məsələlərin də əsas mahiyyəti, əsas qayəsi də bundan ibarətdir. Əsas məqsəd insanlarda narahatçılıq yaratmaq, Azərbaycanın indiki vəziyyətini zəiflətmək və nüfuzunu sarsıtmaqdır".

Sonda bu cür yanlış informasiyaların mətbuatda yayılmasının qarşısını almaq məqsədilə aparılan işlər haqda danışan Mətbuat Şurasının sədri bu sahədə monitorinqlərin keçirildiyini vurğulayıb: "Artıq biz mütəmadi olaraq monitorinq və görüşlər keçiririk. Cənab Prezident İlham Əliyevin Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə də birmənalı olaraq vurğuladı ki, Azərbaycanda jurnalistikası ötən illərə nəzərən daha çox inkişaf edib. İlk Avropa Oyunları və ondan əvvəlki dövrlərdə baş vermiş hadisələrə mətbuatımız dövlətçilik prinsipinə uyğun şəkildə yanaşdı. Bu kifayət qədər önəmlidir. Azərbaycan mətbuatı birmənalı şəkildə anlamalıdır ki, Dağlıq Qarabağ işğalı probleminin həllində və Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında onun vahid cəbhədə çıxış etməsi önəmlidir. Azərbaycanın milli maraqlarının qorunması baxımından eyni mövqedə durmaq çox önəmlidir. Bunları əldə etsək Azərbaycan kifayət qədər ciddi uğurlar əldə edə bilər. Və əldə etdiyi uğurları kifayət qədər də artıra bilər. Mən düşünürəm ki, Azərbaycan jurnalistikası əsasən dövlətçi jurnalistikadır, Azərbaycanın milli maraqları baxımından vahid cəbhədə toplaşan jurnalistikadır. Yerdə qalan azsaylı jurnalistlər və azsaylı xəbər portallaları ola bilər ki, onlar da bu böyük axının qarşısında yəqin ki, o qədər də nəzərə çarpmır".

Bütün xəbərlər Facebook səhifəmizdə