Məhkəmə qaçqınların tərəfini tutub

Məhkəmə qaçqınların tərəfini tutub

Çexiya Respublikası polisinin "qaçmağa cəhddə" şübhəli bilinən miqrantları tutub saxlamaq və qaçqınlar düşərgəsinə göndərmək hüququ yoxdur. Belə bir qərarı Usti-Labem şəhərinin diyar məhkəməsi qəbul edib.

Hakimlər İran vətəndaşının şikayətinə baxıblar. O, iki qızı ilə birlikdə qeyri-leqal şəkildə Çexiya ərazisindən keçərək, Almaniyadakı qohumlarının yanına gedirmiş. Amma Çexiya polisləri tərəfindən həbs edilib və qaçqınlar düşərgəsinə göndərilib. Çexiya polisi Avropa İttifaqı ölkələrinə qeyri-leqal miqrantları gəldikləri Şengen ölkələrinə göndərmək imkanı verən məşhur "Dublin 3" protokoluna istinad edib. Macarıstandan gələn iranlını qaçqınlar düşərgəsində həmin ölkəyə deportasiya gözləyirmiş. Amma o, polisdən məhkəməyə şikayət edir və məhkəmədə qalib gəlir. Düşərgədən azad edilən iranlı hazırda Almaniyada yaşayır.

Usti-Labem məhkəməsi qərarını Çexiya qanunvericiliyində Dublin protokolundan istifadə etməyə imkan verən hər hansı maddənin, normanın və sərəncamın olmaması ilə izah edib. Gözlənildiyinə görə, Çexiya Daxili İşlər Nazirliyi yaxın vaxtlarda qanunlara polislərə Dublin protokoluna müvafiq hərəkət etmək hüququ verən zəruri düzəlişləri işləyib hazırlayacaq.

Məhkəmənin qərarı haqqında informasiya "Lidove noviny" qəzetində dərc olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə