Bu kəndlərə də qaz verildi

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublikanın yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı işlərin davamı olaraq avqustun 7-də Biləsuvar rayonunun Səmədabad və Şabran rayonunun Sumağa kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. SİA-nın SOCAR-ın saytına istinadən verdiyi xəbərə görə, bu münasibətlə keçirilmiş mərasimlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Biləsuvar rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 463 abonenti olan Səmədabad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22429 metr uzunluğunda müxtəlif diametrli polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 463 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün Şabran rayonunun Sumağa kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Vurğulanıb ki, 42 abonenti olan kəndin qazlaşdırılması zamanı birpilləli sistem əsasında 2825 metr uzunluğunda müxtəlif diametrli polad borulardan istifadə olunub, daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Mərasimlərdə çıxış edən ictimaiyyət nümayəndələri və kənd sakinləri yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə