Azərbaycan İpoteka Fondunda kreditlərin verilməsində bir sıra yeniliklər həyata keçiriləcək. Bu barədə SİA-ya iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov məlumat verib.
Nazirlər Kabinetinin fəaliyyətinə həsr edilən son müşavirədə Dövlət başçısının ipoteka proqramına əlavə 200 milyon manatın ayrılması ilə bağlı göstəriş verməsini xatırladan ekspert söyləyib ki, Mərkəzi Bank ilə Maliyyə Nazirliyinin yeni şərtləri razılaşdırıması da məhz ölkə Prezidentinin göstərişi ilə bağlıdır: "Dəyişdiriləcək qaydalar həm ümumi ipoteka proqramının təkmilləşdirilməsinə, həm də regionların adıçəkilən kreditlərə çıxış imkanlarının artırılmasına xidmət edəcək. İpoteka kreditləri üzrə maksimum məbləğ 2 dəfə artırılaraq 100 min manata çatdırılacaq. Son illər əmlak bazarında qiymətlərin yüksəlməsini nəzərə alaraq ipoteka kreditləri üçüm maksimum məbləğin artırılması təklifi hökumətə təqdim edilib. Maksimum məbləğin azlığı proqramın səmərəliliyinə neqativ təsir göstərirdi. Yeni dəyişikliklərə əsasən ipoteka kreditlərinin faiz dərəcələrinin aşağı salınacağı da gözlənilir. Güman edilir ki, adi ipoteka kreditləri 8 faizdən 6 faizədək azaldılacaq. Sosial ipoteka kreditləri isə 2 faizlə təklif edilə bilər".
V. Bayramov faiz endirimləri ilə yanaşı diferensial faizlərin də tətbiq edilməsini məqsədə uyğun hesab edib: "Belə ki, paytaxt ilə müqayisədə rayonlarda həm adi, həm də sosial ipoteka kreditləri üçün daha aşağı faizin təklif edilməsi arzuolunan olmaqla yanaşı proqramın regional səmərəliliyini də artıra bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, bölgələrdə əhalinin orta aylıq əmək haqqısı paytaxtla müqayisədə 2 dəfə azdır və bu da əhalinin ipoteka müraciəti üçün imkanlarının məhdud olmasına gətirib çıxarır. Bu baxımdan, diferensial faizlərin tətbiq edilməsi rayonlarda yaşayan və ipoteka krediti götürmək istəyən vətəndaşlarımız üçün əmək tələblərini yumşaldacaq. Çünki faiz nə qədər az olarsa, tələb olunan əmək haqqı tələbi də aşağı düşür. Bu isə ona gətirəcək ki, 400 manat aylıq gəliri olan regionda yaşayan bir vətəndaş, bir gənc ailə rahat ipoteka kreditlərindən yararlana biləcək. Digər tərəfdən regionlara ayrılacaq ipoteka kreditinin məbləği üçün minimum həddlər müəyyənləşdiriləcək. Əslində, ipoteka fondu xətti ilə verilən həm adi, həm sosial ipoteka kreditlərinin ən azı 50 faizinin regionlar üçün ayrılması məqsədə uyğun hesab olunur. Əgər ay ərzində 5 milyon manat ipoteka krediti ayrılacaqsa, bunun yarısı - 2,5 milyon manatı məhz regionlar üçün nəzərdə tutulacaq. Bu da regionların ipoteka kreditlərindən istifadə imkanlarının genişlənməsinə səbəb olacaq. Burada məqsəd bütövlükdə ipoteka kreditləşməsi sistemini təkmilləşdirilməsi ilə yanaşı regionların kreditlərdən daha geniş miqyaslı istifadəsinə şərait yaratmaqdır".
İSİM rəhbəri qeyd edib ki, hazırda ipoteka ilə bağlı çox müzakirə edilən məsələ ilkin ödəniş məbləğinin yüksək olmasıdır: "Hələlik Mərkəzi Bankın bu istiqamətdə hansı addım atacağı bəlli deyil. Bunun üçün iki təcrübədən istifadə ediləcək. Birinciyə əmanət tikinti bankların formalaşdırılması və bununla bağlı ipoteka fondunun yaradılması, ikinciyə isə ipoteka fondu yanında ipoteka zəmanət fondunun formalaşdırılması daxildir. Belə olan halda zəmanət fondu vətəndaşlara 100 faizlik kredit vermək imkanına malik olcaq. Praktiki olaraq vətəndaş artıq 80 faiz deyil, 100 faizlik ipoteka krediti əldə edə biləcək. Bütövlükdə, nəzərdə tutulan dəyişikliklər müsbət olmaqla yanaşı kreditləri əlçatan edəcək. Beləliklə, ipoteka kreditləşməsi yeni mərhələyə qədəm qoya bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB