Astarada 6 ayın nəticələri müzakirə olunub

Astarada 6 ayın nəticələri müzakirə olunub

Avqustun 5-də Astara rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyəti aparatının işçiləri, Şura üzvləri, hüquq mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi inzibati dairə üzrə nümayəndələr, qeyri hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrlərinin iştirak etdiyi yığıncağı giriş sözü ilə açan Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırıb.

Qeyd olunub ki, 2015-ci ilin ölkədə kənd təsərrüfatı ili élan edilməsi ilə ölkə rəhbəri tərəfindən kənd təsərrüfatının inkişafı üçün önəmli addımlar atılıb. Bu ilin ən yaddaqalan hadisələrində biri əlli Avropa ölkəsinin minlərlə idmançısının iştirak etdiyi, dünyada ilk dəfə keçirilən Birinci Avropa Oyunlarının Azərbaycanda ən yüksək səviyyədə təşkili olub. Bu böyük idman bayramını yüksək səviyyədə keçirməklə ölkəmiz bir ilkə imza ataraq adını qızıl hərflərlə tarixə yazıb.

Sevindirici haldır ki, bu mötəbər idman yarışında həmyerlimiz Cəbrayıl Həsənov da iştirak edərək bürünc medala layiq görülübr.

Bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi ölkənin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial, mədəni-məişət şəraitinin yüksəlməsinə geniş imkanlar açır. Şəhər, qəsəbə və kəndlərimiz yeni-yeni layihələrlə inkişaf edərək gündən-günə gözəlləşir. Bunun bariz nümunəsi olaraq bu il möhtərəm Prezidentimizin sərəncamı ilə ayrılmış vəsait hesabına rayonun ucqar dağlıq ərazilərini əhatə edən Deqədi-Pəlikəş avtomobil yolu inşa edilərək istifadəyə verilib, dəniz sahilində park-bulvarın tikintisi başa çatdırılıb.

2015-ci ilin birinci yarısında Astara rayonunda da xeyli işlərin görüldüyünü, uğurlu nəticələrin qazanıldığını bildirən icra başçısı ümumi məhsul və xidmətlərin 62 faizi məhsul istehsalı sahələrində, o cümlədən 9.2 faizi sənayedə, 10.1 faizi tikinti kompleksində, 42.7 faizi kənd təsərrüfatında yaradıldığını, orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcminin 591.2 manat təşkil etdiyini iştirakçıların diqqətinə çatdırıb.

Şəhərin Xəzər dənizi sahili boyu 6 hektar sahədə park-bulvarın tikintisi başa çatdırılıb, 2 hektar ərazidə çimərliyin tikintisi davam etdirilir. Park-bulvarda fəvvarə kompleksi, süni şəlalələr, yay-qış uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi tikilib istifadəyə verilib, ərazidə uşaq əyləncə attraksionları quraşdırılıb, həmçinin mini futbol və voleybol meydançaları da tikilib.

İndi Astarada çayçılığın əvvəlki şöhrətinin özünə qaytarılmasına geniş imkanlar açılıb. Çünki çayçılıq Astaranın kənd təsərrüfatı sektorunda strateji əhəmiyyətə malik sahədir. Bu cür müəssisələrin istifadəyə verilməsi isə ilk növbədə rayonumuzda böyük ənənəsi olan çayçılığın yenidən dirçəlməsinə şərait yaradacaq. Müəssisədə çay muzeyi, dequstasiya zalı və turistlər üçün çay evi də tikilib.

2015-ci ilin birinci yarısında rayonda 394 iş yeri açılıb ki, ondan da 81 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlarda, 193 iş yeri fiziki şəxslərdə, 120 iş yeri isə digər sahələrdə olub.

Məruzə ətrafında rayon Maliyyə İdarəsinin rəisi Cavid Abbasov, rayon ƏSMM-nin direktoru Anar Baxşıyev, telekommunikasiya qovşağının rəisi Ələkbər Həmzəyev, rayon İcra hakimiyyəti başçısının Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlahəddin Əliyev çıxış ediblər.

Şura iclasına rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev yekun vurub. İcra başçısı qarşıda duran vəzifələr, görüləcək işləri də diqqətə çatdırıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə