Ədəbi dilin qorunması mövzusunda konfrans keçirilib

FOTOLAR
Ədəbi dilin qorunması mövzusunda konfrans keçirilib

Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "Mətbuatda ədəbi dilin qorunmasi: problemlər və perspektivlər" mövzusunda konfrans keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, konfransda Lənkəranda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri, dilçi alimlər, müəllimlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə Lənkəran şəhər İcra Hakimiyyəti aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev açaraq müzakirə olunan mövzunun aktuallığını diqqətə çatdırıb, rayonda KİV nümayəndələri üçün yaradılan şəraitdən, Azərbaycan dilinin saflığının qorunması naminə jurnalistlərin qarşısında duran vəzifələrdən danışıb. Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında Lənkəranda 10-a yaxın kütləvi informasiya vasitəsinin fəaliyyət göstərdiyini, onlara hərtərəfli yaradıcılıq fəaliyyəti göstərmələri üçün yaradılan maksimum şəraitə görə şəhər İcra hakimiyyətinə minnətdarlıq edib, medianın üzərinə düşən mühüm vəzifələri bir daha diqqətə çatdırıb. Sonra Mətbuat Şurasının monitorinq qrupunun rəhbəri İlham Abbasovun "Mətbuatda ədəbi dilin qorunmasi: problemlər və perspektivlər" mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, hələ 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiyasında ulu öndər Heydər Əliyevin əzmkarlığı sayəsində Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Həyat elə gətirib ki, 1995-ci ildə qəbul edilmiş və Umummilli Liderimizin müəllifi olduğu Əsas Qanunumuzun 21-ci maddəsində Azərbayacan dili dövlət dili kimi yenidən təsdiqlənib. Son 10 ildə isə möhtərəm Prezidentimiz İlham Əliyevin fərman və sərəncamları ilə Azərbaycan dili ilə bağlı 20-dən artıq normativ sənəd qəbul olunub. Bununla əlaqədar Mətbuat Şurasında yaradılmış monitorinq qrupunun Azərbaycan mediasında dilimizin yabançı təsirlərdən, onun zənginliyinin və ədəbi dil normalarının qorunması məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açılıb, qloballaşan dünyamızda ana dilimizin saflığının qorunması sahəsində jurnalistlərin üzərinə düşən mühüm vəzifələr vurğulanıb.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə