Leyla və Arif Yunusların iç üzü açıldı YENİLƏNİB

Əkbər Həsənov: "Arif Yunus David Şahnazaryanla sıx əlaqədə idi"
Leyla və Arif Yunusların iç üzü açıldı YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Şahid qismində iclasa dəvət edilmiş Məmmədov Sahib Məlik oğlunun dindirilməsi davam etdirilib, müdafiə tərəfinin şahidə sualları olmayıb.

Bu zaman təqsirləndirilən L.Yunus sədrlik edəndən danışmaq üçün icazə almadan zalda oturan şəxslərə və müdafiəçilərinə üzünü tutaraq əvvəlki gün keçirilən iclas zamanı A.Yunusun səhhəti pisləşdikdən və zal boşaldıldıqdan sonra Penitensiar xidmətin əməkdaşlarının guya onun qollarını tutub sıxaraq, zorla zaldan çıxarmalarını bildirmiş və bütün buna göstəriş verən hakim Ə.Hacıyevə rəsmi etiraz etmələrini bildirib.

Sədrlik edən ona qarşı heç bir zor tətbiq edilməməsini, prosesin keçirilməsinə mane olmamasını bildirib, iclasa şahid Bartkulaşvili Anna Qriqoryevna dəvət edilib.

Lakin bu zaman da L.Yunusova susmayaraq əsassız fikirlərinin səsləndirməkdə davam edib, şahidin ifadə verməsinə bir müddət danışmaqla mane olub, sonra isə susub.

Şahid qismində ilk olaraq jurnalist Anna Bartkulaşvili ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərib ki, L.Yunusu xaricdə keçirilən tədbirlərin birində təsadüfən tanış oluğu Ermənistan Respublikasının təmsilçisi Laura Baqdasaryan vasitəsilə 2012-ci ildə tanıyıb: "Leyla Yunus mənə zəng edərək ofisinə dəvət etdi və dedi ki, Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin maliyyələşdirdiyi layihədə mənim də iştirak etməsini istəyir, jurnalistləri özü seçəcək, məqalələrin dərc olunacağı qəzet redaksiyalarını da özü müəyyənləşdirəcəkdir. Mənim işim isə təşkil ediləcək müsahibələrdə istifadə üçün suallar hazırlamaqdan, həmçinin seçilən jurnalistlərdən sualları yığıb saytlara göndərməkdən ibarət olacaqdır. Hər müsahibəyə görə L.Yunus mənə 100-120 manat məbləğində pul verib, maaşını həmişə nağd alırdım, ofisdə hər hansı mühasib və ya kassir görməmişəm. Vergi uçotunda durmamışam, bu səbəbdən aldığım əmək haqqına görə vergilər L.Yunus tərəfindən ödənilməli idi. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı".

Bundan sonra şahid qismində müstəqil jurnalist kimi fəaliyyət göstərən Əkbər Həsənov ifadə verib. O, ifadəsində 19 ildən artıqdır jurnalist fəaliyyəti göstərdiyini bildirib: "Təqsirləndirilən şəxsləri tanıyıram. Jurnalist fəaliyyətimdə dəfələrlə onlardan müsahibə almışam. 2006-cı ildə Arif Yunus mənə zəng edib bildirdi ki, Ermənistanda tədbir var, ora getmək istəyirsənmi? Mən də onunla razılaşdım. Ermənistanı görmək istəyirdim. Sonra bizim adımıza rəsmi dəvətnamə gəldi. Nümayəndə heyətinin tərkibində R. Mirqədirov, mən, Arif Yunus, Arif İsazadə və s. iştirak edirdi. Səfərdə zamanı dəyirmi masalar keçirildi. Tədbirlər zamanı Arif Yunusun oranın mühüm diplomatlarından sayılan David Şahnazaryanla sıx əlaqədə olduğunu və tez-teaz pıçıldayaraq bir-biriləri ilə əlaqə saxladığını gördüm. Mənə elə gəlirdi ki, elə məhz bu tədbiri David Şahnazaryan təşkil edib. Azərbaycan nümayəndə heyətinin də kordinatorluğunu Arif Yunus edirdi. Bizim bütün xərclərimizi ödəyirdi. Hətta mağazadan aldığımız şəxsi istəklərimizi də. Onların bu münasibətindən hələ o vaxt şübhələnmişdim. Sonraki il yenidən biz ora getdik. Tədbirlər barəsində day.az-da məlumatlar vermişəm".

Əkbər Həsənov ifadə verən zaman Leyla Yunus onu təhqir edib. Arif Yunus isə şahidin ifadəsinə münasibət bildirərək deyib ki, onun danışdıqlarının çoxu cəfəngiyyatdır: " Çünki bizim səfər xərclərimizin hamısını Almaniyada fəaliyyət göstərən Ever təşkilatı qarşılayıb. Mən kordinator olmuşam".

Əkbər Həsənovdan sonra ifadə vermək üçün hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanılan jurnalist Rauf Mirqədirov gəlib. O da ifadəsində həm Arif Yunusu, həm də Leyla Yunusu yaxından tanıdığını bildirib: "Leyla xanımı Xalq Cəbhəsinin dövründən tanıyıram. Arifi isə daha sonralar insan hüquqları ilə bağlı çalışdığım lahiyələr zamanı tanış olmuşuq. Biz dəfələrlə Arif Yunusla Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif konfranslarda iştirak etmişik. 2 dəfə Ermənistana səfərimiz olub. Mənə rəsmi qaydada təşkilatçılar tərəfindən dəvətnamə göndərilib. Hər ikisində də Azərbaycan nümayəndə heyətinin kordinatoru Arif bəy olub. Ona qarşı heç bir şikayətim, tələbim yoxdur. Hər iki konfransda iştirakıma görə 150 dollar qonarar almışam. Bundan başqa, Leyla Yunusun "Şəbəkə" adlı lahiyələrində iştirak etmişəm və bunun müqabilində qonorar almışam. Ən son lahiyəmiz də Suriya münaqişəsi ilə bağlı olub. Ermənistan səfərində də Leyla Yunusun heç bir xidməti, əlaqəsi olmayıb. Biz Ariflə Ermənistana səfərə getməmişdən qabaq hər zaman məsləhətləşirdik. Çünki orada bizə qarşı təxribat və təhlükələr ola bilərdi. Bir dəfə Yerevanda İran səfirliyi tərəfindən mənə qarşı təxribat olub. Bu barədə danışmaq istəmirəm. Mənim heç bir cinayət əməlim olmayıb. Mən sadəcə lahiyələrdə iştirak edib, göstərdiyim xidmət daxilində qonorar almışam".

Rauf Mirqədirovdan sonra məhkəmədə "Unibank"ın İdarə Heyətinin sədri Arif Hüseynov ifadə verib. O, ifadəsində Arif və Leyla Yunusların həm şəxsi, həm də təşkilatlarının bank hesabının olduğunu vurğulayıb: ""Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" Cəmiyyəti "Unibank"ın müştərisi olub, hesabla bağlı bütün əməliyyatları Leyla Yunusova edib, onun və əri Arif Yunusovun da bankda şəxsi hesabları olub. Cəmiyyətin bank hesablarına daxil olmuş bütün pul vəsaitləri məhz L.Yunusova tərəfindən nağdlaşdırılaraq çıxarılıb".

Daha sonra Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Leyla və Arif Yunuslarla münasibətlərim normal olub. Mən əsasən sosial-iqtisadi sahədə hüquq müdafiəçisi olduğum üçün onların layihələrində iştirak etməmişəm. Leyla xanımın lahiyələri ilə bağlı yalnız internetdən məlumat almışam".

Bundan sonra şahid qismində dindirilən "Accessbank" qapalı səhmdar cəmiyyətinin İdarə heyətinin sədr müavini Həsənov Anar Çingiz oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsinə oxşar məzmunlu ifadə verərək göstərib ki, Arif və Leyla Yunusların həmin bankda hesabları olub, 23.04.2014-cü ildə A.Yunus öz hesablaşma hesabına 18.084 avro qoyub həmin gün də arvadı L.Yunusun Almaniyadakı hesabına 18.050 avro pul köçürüb, 24.04.2014-cü il tarixdə Leyla və Arif Yunuslar banka gələrək faiz itkisinə baxmayaraq L.Yunus depozit hesablarını bağlayaraq hesablarda olan 16.800 avro və 26.139 ABŞ dollarını nağd şəkildə çıxardıb 36.852 avronu A.Yunusovun hesablaşma hesabına qoyaraq həmin məbləği də Almaniyaya-L.Yunusovun bank hesabına göndəriblər.

Bundan sonra sədrlik edən məhkəməyə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş "Bank Standard" qapalı səhmdar cəmiyyətinin idarə heyətinin sədri Kriman Səlim Eldaroviçin teleqramının daxil olmasını bildirib, həmin teleqramın elan edilməsi zamanı müəyyən olunmuşdur ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə, xaricdə olduğu üçün şahid qismində ifadə vermək üçün məhkəmə iclasına gələ bilmir.

Bununla əlaqədar, məhkəmə iclasında sədrlik edən S.Krimanın ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib, həmin ifadəyə əsasən müəyyən olunub ki, A.Yunusun "Bank Standard" Qapalı Səhmdar Cəmiyyətində (əvvəlki adı "Most Bank Azərbaycan") 3 hesabı olub, 2002-ci ildən 2005-ci ilədək onun həmin hesablarına müxtəlif ölkə və təşkilatlardan, o cümlədən Ermənistan Respublikasından pul vəsaitləri köçürülüb. 2005-ci ildən A.Yunus bankda olan hesabdan istifadə etməyərək, beynəlxalq köçürmələrlə bağlı başqa bankların xidmətlərindən istifadə etməyə başlayıb.

Bundan sonra, məhkəmə iclasında sədrlik edən məhkəməyə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Əzizova Mətanət Mürşüd qızının müalicə olunması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsi və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməsinə dair notarial təsdiqli 28 iyul 2015-ci il tarixli ərizəsinin daxil olmasını bildirib və onun həmin ifadəsinin elan edilməsinə başlayıb, bu zaman L.Yunusova sədrlik edəndən danışmaq üçün icazə almadan Mətanət Əzizovanın ibtidai istintaqdakı ifadəsinin təzyiq altında verilməsini, bu səbəbdən onun elan edilməsinə ehtiyac olmamasını bildirib, müdafiəçilər də onunla eyni mövqedən çıxış ediblər.

Dövlət ittihamçısı L.Yunusun və müdafiəçilərin fikirlərinə etiraz edərək ibtidai istintaq zamanı M.Əzizovaya təzyiq olunması ilə bağlı müdafiə tərəfinin fikirlərinin əsassız olmasını, əgər onlarda belə bir məlumat varsa, bunu dəlillərlə təsdiq etmələrini, M.Əzizovanın tam sərbəst ifadə verməsini, ifadə verdikdən sonra isə sərbəst şəkildə istintaq qurumuna ərizə ilə də müraciət etməsini bildirib, cinayət işində olan həmin ərizənin də məhkəmədə onun ifadəsi ilə birgə elan edilməsini xahiş edib.

Məhkəmə tərəflərin fikirlərini dinləyərək M.Əzizovanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin və istintaq qurumuna yazdığı ərizəsinin elan edilməsini qərara alıb.

M.Əzizovanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin və istintaq qurumuna yazdığı ərizəsinin elan edilməsi ilə müəyyən edilmişdir ki, M.Əzizova "Qadın Krizis Mərkəzi" adlı qeyri-hökumət təşkilatı yaratmasına baxmayaraq, təşkilatın qeydiyyatı olmayıb, bu səbəbdən onun təşkilatının bütün qrant layihələri "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" qeyri-hökumət təşkilatının adından bağlanmaqla müqavilələr üzrə pul vəsaitləri təşkilatın "Unibank"ın STB filialında olan hesabına köçürülüb, L.Yunus isə həmin pulları onun layihələri üzrə olduğundan hesabdan çıxarıb şəhərin müxtəlif yerlərində ona verib. Təşkilatın fəaliyyətinə faktiki rəhbərliyi L.Yunus etməklə bank hesablarından pulları da yalnız o çıxarıb. Təşkilatın ofisi əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində, Leyla Yunusun şəxsi mənzilində yerləşib, sonra isə yenə L.Yunusa məxsus Nizami küçəsi 53 ünvanındakı yaşayış sahəsinə köçürülüb. Təşkilatın möhürü, ştampı, blankları, bütün maliyyə-mühasibatlıq sənədləri Leyla Yunusovada saxlanılıb, layihələrin icrasına cəlb olunmuş şəxslərə, eləcə də onun özünə xidmət haqqı və maaşları L.Yunus nağd şəkildə ödəyib, başqa şəxsləri pul məsələlərinə yaxın buraxmayıb. L.Yunus "Sülh və Demokratiya İnstitutu"nun sədri kimi yerli və beynəlxalq tədbirlərdə iştirak etsə də, qrant müqavilələri "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" Cəmiyyətinin adından bağlanıldığından maliyyə vəsaitləri Cəmiyyətin "Unibank"dakı hesablarına köçürülüb, bu pulları isə sonradan L.Yunus öz adına tərtib olunmuş kassa çekləri vasitəsilə nağdlaşdıraraq hesabdan çıxarıb, müxtəlif məqsədlərə istifadə edib. Xüsusilə, L.Yunus beynəlxalq fondların təşkilatçılığı və maliyyəsi ilə Ermənistan Respublikasının vətəndaş cəmiyyətinin təşkilatları və üzvləri ilə birlikdə müxtəlif layihələr həyata keçirib, bu layihələr çərçivəsində Ermənistan Respublikasına səfərlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər təşkil edib. L.Yunus ilə söhbətlərində dəfələrlə ona bu fəaliyyətinin mövcüd qanunvericiliyin tələblərinə uyğun olmadığını deyib, ancaq o bu qrant vəsaitlərinin "Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda" təşkilatına heç bir aidiyyətinin olmadığını, özünün rəhbərlik etdiyi "Sülh və Demokratiya İnstitutu"nun layihələri olduğunu deyib. L.Yunusun göstərişlərinə əsasən təşkilatda əmək haqqının hesablanmaması, pensiya fonduna ayırmaların olmaması, vergilərin ödəyicisi olmamağı barədə "sıfır" hesabatlar hazırlanıb dövlət orqanlarına göndərilib.

Bundan sonra, məhkəmə iclasında sədrlik edən sənədlərin tədqiqi mərhələsinə keçilməsini elan edib, müdafiəçilər vəsatətlərin olacağını bildirərək hazırlaşmaq üçün vaxt istəyib.

İclasa sədrlik edən növbəti iclasın 05 avqust 2015-ci il tarixə, saat 10:00-a təyin edilməsini elan edib.

Qeyd edək ki, ötən il iyulun 30-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2 (vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1 (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Arif Yunus isə ötən il avqustun 5-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə ittiham elan edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl istintaq orqanı tərəfindən hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə