Gimnastlarımız Polşada uğurla çıxış ediblər

Gimnastlarımız Polşada uğurla çıxış ediblər

Bakıda keçirilən birinci Avropa Oyunları və onun ardınca dünyanın müxtəlif ölkələrindən gəlmiş gimnastların qatıldığı dolğun məşqlərdən sonra bədii gimnastika üzrə Azərbaycan yığma komandasının növbəti yarışının təyinat məntəqəsi Baltik dənizinin sahilləri olub.

Azərbaycan Gimnastika Federasiyasından bildiriblər ki, bu həftəsonu Polşanın Qdansk şəhərində təşkil olunan "Baltic Cup" adlı beynəlxalq yarışda komandamızın lideri Marina Durunda top və gürzlərlə çıxışına görə qızıl medal, çoxnövçülükdə isə gümüş medal əldə edib.

Baltik dənizinin sahillərindən Gülsüm Şəfizadə də medallarla qayıdır. O, halqa və lentlə çıxışlarına görə müvafiq olaraq, gümüş və bürünc medal qazanıb.

Yarışda Azərbaycanı təmsil edən digər gimnastımız Zeynep Celep dörd çıxışının nəticələrinə əsasən səkkizinci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə